Məhkəmə qərarları › İş №3(027)-645/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-645/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-645/2025 01.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 28721362 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 346.4-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28721362 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun özünə məxsus “VAZ 21074 MİNİK” markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. Atomaşı ev, ailə və təsərrüfat işlərində istifadə edir. 21 iyun 2025-ci il tarixdə saat 11:30 radələrində anası X2 ilə idarə etdiyi avtomaşınla Quba şəhər bazarına gəlmiş ki, həyətdə saxladığı cücələr üçün dən almaq istəmişdir. Bazarın qarşısında dən satılan mağazaya çatanda avtomaşının sürətini azaltmış ki, anası düşüb mağazaya keçsin. Avtomaşını söndürmədən sürətini dayanacaq qədər azaltmış və anası avtomaşından düşmüş, o, isə avtomaşını dayanacağa sürüb saxlamış və anasının gəlməyini gözləmişdir. Həmin vaxtı bazarın qabağında yolda quraşdırılmış videoçəkiliş qurğusu sürəti son dərəcə azaltdığı zaman avtomaşınının şəklini çəkmiş və o, AR DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi tərəfindən, guya yanqoşqusu olmayan motosikletlər,mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və durmasına görə AR İXM-nin 346.4-cü maddəsilə 80 manat məbləğində cərimə olunmuşdur. Tətbiq olunan bu inzibati tənbeh tədbirini o, aşağıda göstərilən səbəblərdən əsassız hesab edir. Birincisi, avtomaşınını o, saxlamamış, sadəcə sürətini son dərəcə azaltmış, hətta mühərrikini belə söndürməmişdir. Anasının avtomaşından düşməsi cəmi bir neçə saniyə çəkən hərəkətdir. İkincisi, bazarın qarşısında avtomaşınının şəklinin çəkildiyi yerdə avtomaşınların saxlanılması üçün yer də yoxdur və ayrılmamışdır. Halbuki belə yerlərdə avtomaşınların saxlanılması üçün yer ayrılmalıdır. Üçüncüsü, barəsində qəbul edilmiş elektron qərar barədə ona dərhal məlumat verilməmişdir, yalnız 10 iyul 2025-ci il tarixdə BDYPİ Xaçmaz RQİTB Şöbəsinə avtomaşını texniki baxışdan keçirilməsi üçün müraciət etdikdə ona bildirilmişdir ki, barəsində guya yol verdiyi inzibati xətaya görə cərimə cəzaları mövcuddur,ona görə də avtomaşınının texniki baxışdan keçirilməsindən imtina edilmişdir. Bundan sonra bu gün, 11 iyul 2025-ci il tarixdə o, Quba rayon RŞ DYPB-dən müraciət edərək barəsində tərtib olunmuş inzibati tənbeh qərarlarını almışdır. Məhkəmə iclasında şikayət verən X3 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən AR DİN BDYPİ-yə məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 28721362 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346- 1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); Məhkəməyə təqdim edilmiş foto görüntülərdə “VAZ 21074 MİNİK” markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durmasının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, görüntülərdən müəyyən olunur ki, sürücü nəqliyyat vasitəsinin içərisindədir və nəqliyyat vasitəsi işlək vəziyyətdədir. Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Beləliklə məhkəmə işin hallarını və qanunvericiliyin sadalanan normalarını rəhbər tutmaqla hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28721362 nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28721362 nömrəli nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar