Məhkəmə qərarları › İş №3(027)-646/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-646/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-646/2020 14.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1975-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və ünvan 2 saylı ünvanda yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx xxxx 2020-ci il tarixdə Quba rayonunun Dağlı kəndi ərazisində idarə etdiyi taksi avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs sol qolundan tutub düşürərək, sol kürəyinin üstünün və sol bazunun orta 1/3-nin qançırları ilə nəticələnən xəsarətlər yetirmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Zərərçəkmiş şəxs avtomobilində sərnişin kimi gedəndə yolda tez-tez sürəti artırmağı ondan tələb etmiş, o isə yolda müəyyən edilmiş sürətlə avtomobili idarə edəcəyini bildirmişdir. Sonradan Quba şəhərinə çatanda sərnişin ona pul verməyəcəyini bildirmişdir. Daha sonra Qusar rayonuna gedəndə Zərərçəkmiş şəxs onun rəhmətə gedən qızı barəsində nalayiq sözlər işlədəndə o, dözə bilməyib onu avtomobilindən düşürtmüşdür. Lakin ona heç bir xəsarət yetirməmişdir.Qeyd olunanları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Zərərçəkmiş şəxs və Quba Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin, yəni döymə inzibati xətasının tərkibi vardır. Ona görə də Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar