Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-661/2021 26.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(027)-841/2021 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən 25 avqust 2021-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(027)- 841/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 1045 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra vərəqəsi müvafiq olaraq 08.07.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzürlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Hazırda borclu Şəxs bu vaxta qədər tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Borclu Şəxs icra sənədi üzrə qeyd olunan borc məbləğini ödəməsi təklif olunsa da, o, müxtəlif bəhanələr gətirərək qeyd olunan məbləği ödəməksən boyun qaçırmışdır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(027)-841/2021 saylı icra sənədinə əsasən ondan 1045 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Bildirmişdir ki, icra sənədini icra etməkdən imtina etmir. Həmin məbləği birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Vərəm xəstəsidir. Ona görə də heç bir yerdə işləyə bilmir. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin iş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanasının arayışının surətindən görünür ki, Şəxs vərəm xəstəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi müəyyən olunmur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmiş, xəstə olduğundan, heç bir yerdə işləyə bilmədiyindən, maddi imkanı olmadığından icra sənədini icra edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-661/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-661/2021
26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver