Məhkəmə qərarları › İş №3(027)-669/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-669/2022

06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-669/2022 06.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 qızının katibliyi, X5, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 may 2022-ci il tarixli protokolu və həmin protokol əsasında Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə 03 iyun 2022-ci il tarixli qərarı ilə 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə olunmağı barədə qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayonu Qorxmazoba kəndində yaşayır, evi meşə zolağının yaxınlığında yerləşir, uzun müddət çay kənarında boş sahədə özü üçün tərəvəz məhsulları əkib-becərmiş, sərinlik üçün meşə ağacları əkmiş və həmin sahəni hasara almışdır. Belə ki, həmin ərazini Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları 2022-ci ildə bir neçə nəfər kənar şəxslə gəlib həmin şəxslərə intensiv bağ salmaq üçün vermək istəmiş, kənd cammatı ərizə yazaraq torpağı həmin şəxslərə təhvil verməyə imkan verməmişlər. 16 may 2022-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək bildirdilər ki, güya o, X14 X2 meşəbəyliyinin 5 saylı dolayının 32-ci kvartalındakı ərazidə qanunsuz ağac kəsərək X12 torpağını zəbt etmişdir. Bununla bağlı protokol tərtib etdiklərini bildirdikdə o, onlara bildirmişdir ki, meşə fondunun ağaclarını kəsməmişdir, torpağı zəbt etməmişdir, zəbt etdiyi kimi bildirilən sahə çay kənarında boş sahədir, həmin sahədə boş torpaq zolağı olub və o, digər həmkəndliləri kimi torpağı hasara almadan meyvə-tərəvəz əkmiş və həmin torpaq sahəsinin X12 torpağı olmasını bilməmiş və protokola imza etməkdən imtina etmiş və ona 27 may 2022-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən 123,20 manat cərimə olunmağı barədə iddia tələbi gəlmiş və onu xx.xx.2022-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət etmişlər, o, orada da öz etirazını bildirmiş və xx.xx.2022-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən ona 700 manat məbləğində inzibati qaydada cərimə olunmağı barədə qərar gəlmişdir. O, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 iyun 2022-ci il tarixli inzibati tənbeh haqqında qərarı ilə razılaşmır, qərar qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməlidir. Məhkəmədə şikayət vermiş şəxs X10 şikayətini müdafiə edərək, görmə qabiliyyətini itirməsinə görə 1-ci qrup əlil olduğunu, sərbəst hərəkət edə bilmədiyini bildirərək, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmədə qərarı tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, X4 Regional Meşə X2 meşəbəyliyinin 5 saylı dolayının 32-ci kvartalındakı ərazidə qanunsuz ağac kəsərək X12 torpağını zəbt etmişdir. Onun əsasında 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslı olaraq tərtib edilmişdir. Ona görə də həmin qərardan X10 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Məhkəmə izahatları dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 may 2022-ci il tarixli, MN ******* saylı protokol və onun əsasında tərtib olunmuş 03 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Regional Meşə X2 meşəbəyliyinin 5 saylı dolayının 32-ci kvartalındakı tinglikdə qanunsuz istifadə etdiyi 0,56 ha torpaq sahəsində təbii bərpa və yeniyetmələri məhv etmişdir. ağac kəsərək X12 torpağını zəbt etmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə verilmiş məlumatdan görünür ki, X6 gözdən əlil olması səbəbilə birinci dərəcəli əlillik verilmişdir, onun kənar şəxsin qulluğuna və köməyinə ehtiyacı vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarında X5 X14 X2 meşəbəyliyinin 5 saylı dolayının 32-ci kvartalındakı tinglikdə qanunsuz istifadə etdiyi 0,56 ha torpaq sahəsində təbii bərpa və yeniyetmələri məhv etdiyi qeyd olunmuşdur. Lakin, iş materiallarından görünür ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 görmə qabiliyyətini itirməsinə görə birinci dərəcəli əlillik verilmiş və onun kənar şəxsin qulluğuna və köməyinə ehtiyacı vardır. Belə olan halda, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 X14 X2 meşəbəyliyinin 5 saylı dolayının 32ci kvartalındakı tinglikdən qanunsuz istifadə etməsi, 0,56 ha torpaq sahəsində təbii bərpa və yeniyetmələri məhv etməsi qeyri-mümkündür. Ona görə də, məhkəmə hesab edir ki, X10 barəsində tərtib olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edilməlidir. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXMnin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Belə ki, qərarda işinə baxılan vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməmiş və işə baxılarkən müəyyən edilmiş hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayət təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X10 tərəfindən verilmiş şikayət təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar