Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-674/2025 07.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə X1 xx.xx.2025-ci il tarixli EQ 29062750 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olduğuna görə DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli 29062750 № li qərarı ləğv edilməklə inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba şəhərində yaşayır, özünə məxsus KİA OPTİMA MİNİK markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. 06 iyul 2025ci il tarixdə saat 19 radələrində idarə etdiyi avtomaşınla Heydər Əliyev prospektilə Bakı şəhəri istiqamətində hərəkətdə idi, həyat yoldaşı da yanında idi. «MEQA MARKET» Ticarət mərkəzinin qarşısına çatanda həyat yoldaşı oradan ev üçün lazım olan şeyləri almaq üçün düşdü, o isə avtomaşını bir qədər qabağa sürüb saxladı və həyat yoldaşını təxminən 5 dəqiqə gözlədi. Avtomaşını yol hərəkəti qaydalarına uyğun saxlamışdı, dayanma, durma qaydalarının pozulmasına yol verməmişdir. Buna baxmayaraq, BDYPİnin Mərkəzi Məlumat Xidməti yol kənarında quraşdırılmış videoqeydiyyat qurğusunun çəkilişlərini düzgün qiymətləndirməyərək onu «ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin durmasına görə» qanunsuz olaraq AR İXM-nin 346.,2-ci maddəsilə təqsirləndirərək 40 manat məbləğində cərimə tətbiq etmişdir. Tətbiq olunan bu inzibati tənbeh tədbirini o aşağıda göstərilən səbəblərdən əsassız hesab edir. Avtomaşınının saxlandığı yer texniki qurğu tərəfindən çəkilmiş, fotogşəkildən açıq-aydın görünür ki, avtomaşınım dayanacaq yerindən nəinki yol verilən 15 metr məsafədən yaxınlıqda, əksinə həmin məsafədən artıq məsafədə aralıda saxlanılmışdır. Avtomaşının saxlanıldığı yerdə heç bir «qadağanedici» yol nişanı da quraşdırılmamışdır, çünki avtomaşınının saxlanıldığı yer ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası sayılmır. Ona görə də qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməklə inzibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X2 ərizəsinin məzmununa uyğun izahat vermiş və barəsində tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin BDYPİ-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 29062750 saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən 40 (qırx) manat cərimə edilmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə –qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən, bu Məcəllənin 346.1 346.2, 346.4– 346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatvericigöstərici, servis, əlavə məlumat (lövhəciklər). Həmin Qanununun 52-ci maddəsinin 1-ci bəndinə əsasən: nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. İş materiallarına əlavə olunmuş inzibati xəta üzrə xüsusi texniki vasitə məlumatından müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsi həmçinin girişdə saxlanılmışdır. Təqdim edilmiş 3 fərqi fotoşəkilə baxış keçirilərkən aydın olur ki, “Kia Optima” minik markalı nəqliyyat vasitəsi tam dayanma vəziyyətindədir. Həmçinin, şikayətçi X2 ərizəsində avtonəqliyyat vasitəsini 5 dəqiqə müddətində saxladığını təsdiq etmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29062750 saylı qərar faktiki əsaslar olmaqla prosessual tələblərə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29062750 saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-674/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-674/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver