Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-676/2025 30.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 nümayəndəsi X2 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Quba rayon Polis şöbəsinin 25 aprel 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, əməlimdə inzibati xətanın tərkibi olmadığı üçün inzibati haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 23 aprel 2025-ci il tarixdə səhər təxminən saat 10 radələrində təsərrüfatında olan heyvanları çayı keçərək örüş sahəsinə aparmışdır. Günortadan sonra hava pozulmuş, yağış yağmış, yaşadığı Rustov kəndindən keçən Cağacuq çayına sel gəlmişdir. X9 birlikdə heyvanları gətirmək üçün çayı keçərək örüş sahəsinə getmişlər. Geri qayıdanda heyvanları çaydan keçirmək istəsə də, çayda su çox olduğu üçün heyvanlar çaydan keçə bilməmişlər, məcburən onları körpüdən keçirməli olmuşlar. O, atla çaydan keçmiş, oğlu isə heyvanları körpüdən keçirərək gətirməyə çalışmışdır. O, evə çatırdı ki, oğlu İsa Kərimov ona heyvanların ikisinin avtomobil vuraraq öldürdüyünü demişdir. Hadisə yerinə gəlmiş, 1500 manat və 2500 manat dəyərində inəyinin maşın vurduğunu görmüşdür. O, avtomobili idarə edən şəxsdən şikayətçi olsa da, onun qohumları narahat olmamağını, dəymiş ziyanı razılaşma ilə ödəyəcəklərini bildirmişlər. Bundan sonra Quba rayon polis şöbəsində qeyd edilən formada izahatını yazıb evə gəlmişdir. Bir müddət bundan əvvəl heyvanlarını vuran şəxsin qohumları ona zəng edərək məhkəməyə niyə gəlmədiyini qeyd etdilər. O, hansı məhkəməyə nə üçün gəlməli olduğunu soruşduqda ona yenidən iclas olan vaxtı görüşərik demişlər. Bundan sonra o, məhkəməyə müraciət edərkən, məlum oldu ki, avtomobilin sahibi ona qarşı ziyan tələbinə dair iddia ərizəs ilə müraciət etmişdir. 10 iyun 2025-ci il tarixdə olan məhkəmə hazırlıq iclası 15 iyul 2025-ci il tarixə, saat 10:45-ə təxirə salınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olduqda məlum oldu ki, Quba RPŞ-nın 25 aprel 2025-ci il tarixli, TP ******* saylı qərarı ilə barəsində Azərbaycan Respublikası İXM-nın 338.5.2-ci maddəsinə əsasən inzibati xəta haqqında qərar qəbul olunaraq o, 23 aprel 2025-ci il tarixində, saat 20:05-də Quba rayonu Rustov kəndində Cağacuq çayının üzərində olan körpünün üstündə mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməyinə görə 40 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Həmin inzibati qərarla razılaşmır. Qərar qanunsuz və əsassızdır. Ona görə ki. həmin günü güclü yağışlar yağmış, çaya sel gəlmişdir. O, deyil, oğlu İsa Kərimov məcbur qalaraq heyvanları çaydan keçirə bilmədiyi üçün körpüdən keçirmişdir. Bu isə inzibati xəta deyil son zərurətdir. Belə ki, çayda sel gəldiyi üçün heyvanları yalnız körpündən keçirmək məcburiyyətində olmuşlar. Ona görə də, barəsində inzibati xəta haqqında protokol tərtib edilə bilməz və qərar qəbul edilə bilməzdi. O, şöbədə verdiyi izahatında da, çayda sel oldğu üçün mal-qaranı körpüdən keçirdiyini demişdir. O, bu əməli qəsdən törətməmişdir. Onun əməlində qəsd yoxdur. Başqa yerdən mal-qaranı keçirə bilmədiyi üçün körpüdən keçirmişdir. Hava gün olsa idi, çayda su olmasaydı, o, düz-düzünə kefdən körpüdən keçirərdisə bu artıq onun məsuliyyəti olmalı idi. Hava həmin vaxtı yağış olub, çayda su olub onun da başqa əlacı olmayıb, o zaman onun barəsində inzibati xəta haqqında qərar qəbul oluna bilməzdi. Yuxarıda qeyd etdiyi hallardan da göründüyü kimi həmin vaxtı hava yağışlı olduğundan, Cağacuq çayından sel keçdiyindən, onun başqa əlacı olmadığı üçün son zərurət vəziyyətində başqa yerdən mal-qaramı evə apara bilmədiyi üçün məcbur qalaraq heyvanları körpüdən keçirdiyindən onun barəsində inzibati xəta haqqında qərar qəbul edilə bilməzdi. Həmin ərazi kənd yolu olmuş, kənddə isə insanlar heyvan saxlayırlar. Quba rayon polis şöbəsi barəsində inzibati xəta haqqında qərar qəbul edərkən bu halları yoxlamamışdır. Ona görə də həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X1 nümayəndəsi X5 şikayəti müdafiə edərək, şikayətdə yazılanlara uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsinə əsasən mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, DİN-nin Quba rayonu YPX-nin polis mayoru X4 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmiş və həmin qərara əsasən X3 40 manat məbləğində cərimə edilmişdir. Quba rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və tərəfindən hər hansı sübüt təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da. son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 19.2-ci maddəsinə əsasən baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər vurıılduqda inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X3 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-676/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-676/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver