Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-677/2024 23.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Quba RPŞ-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Quba rayon hüquq Məsləhətxanasının vəkili Vəkil iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Quba şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Quba şəhəri, Muxtadır küçəsi, ev 17-də qeydiyyatda olan və yaşayan; Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiallara əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:40 radələrində Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsində Quba rayonunun İİ Nügədi kəndində özünə məxsus avtomaşını sərxoş idarə etdiyi üçün YPX-nin əməkdaşları tərəfindən saxlanılan zaman polisin qanuni tələbinə tabe olmamış, ucadan nalayiq ifadələr işlətmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində 22 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokollar tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən Quba RPŞ-nin sahə rəisi, polis kapitanı X2 izahatında bildirdi ki, YPX əməkdaşı Mahir Şixməhəmmədovun raportu əsasında Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələrinə əsasən protokollar tərtib etmişdir. Belə ki, Şəxs idarə etdiyi “Mersedes” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olarkən YPX əməkdaşları ona saxla işarəsi vermiş o da, avtomobili saxlamışdır. YPX əməkdaşları həmin vaxt onun içkili olduğunu müəyyən edərək avtomobilin duracağa aparılacağını bildirmişlər. Lakin Şəxs YPX əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək, ünvansız söyüşlər söyərək avtomobilinin yan şüşəsini sındırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, 22 avqust 2024-cü il tarixdə, saat 02:40 radələrində idarə etdiyi “Mersedes” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olarkən YPX əməkdaşları ona saxla işarəsi vermiş o da, avtomobili saxlamışdır. YPX əməkdaşları həmin vaxt onun içkili olduğunu yoxlamadan, avtomobilin duracağa aparılacağını bildirmişlər. O, YPX əməkdaşlarına cüzi içki qəbul etdiyini etiraf etdiyindən, buna dair protokol yazmalarına etiraz etməmiş və avtomaşınını ayıq sürücü vasitəsilə evinə aparacağına şərait yaratmalarını xahiş etmişdir. Sonuncular bunun mümkün olmadığını deyərək avtomobili duracağa aparacaqlarına təkid etmişlər. İdarə etdiyi avtomobil köhnə, yəni 2000-ci il istehsalı olduğundan qapıları avtomatik olaraq bağlanmış, qapıları açmaq mümkün olmamışdır. O, YPX əməkdaşlarına avtomobilini evakuator vasitəsilə aparmalarını bildirərək oradan uzaqlaşmaq istədikdə avtomobilində olan sərnişin telefonunun avtomobildə qaldığını bildirmişdir. Həmin vaxt əsəbiləşərək ünvansız söyüşlər söymüş və telefonu götürmək üçün avtomobilinin yan şüşəsini yumruq vasitəsilə vuraraq, qapını açmaq istəmişdir. Bunu görən YPX əməkdaşları PPX əməkdaşlarını dəvət etmiş, o, heç bir etiraz etmədən PPX əməkdaşları ilə birgə Quba rayon Polis şöbəsinə getmişdir. Şəxs son olaraq əsəbi olduğundan ünvansız soyüşlər söydüyünə görə əməlindən çox peşiman olmasını, lakin polisin qanuni tələblərinə zidd olan hərəkətlər etmədiyindən həmin protokolla razı olmadığını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Quba RPŞ-nin DYPB-nin YPX inspektoru X3 izahatında bildirmişdir ki, 22 avqust 2024-cü il tarixdə, saat 02:40 radələrində Şəxs idarə etdiyi “Mersedes” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobillə manevr qaydalarını pozduğuna görə Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olarkən saxlanılmışdır. O, həmin vaxt Şəxs içkili olduğunu ağzından gələn kəskin qoxudan hiss etdiyindən, sərxoşluq vəziyyətini alkotestr vasitəsilə müəyyən etmiş və avtomobilin duracağa aparılacağını bildirmişdir. Şəxs içkili olduğu üçün protokol yazmalarını, lakin avtomaşınını ayıq sürücü vasitəsilə evinə aparacağını bildirdikdə, bunun mümkün olmadığını deyərək avtomobili duracağa aparacaqlarını təkid etmişlər. Bu arada avtomobilin qapıları kilidlənmiş və açar vasitəsi ilə açılması mümkün olmamışdır. Şəxs onların qanuni tələblərinə riayət etməyərək, ünvansız söyüşlər söyərək avtomobilinin yan şüşəsini sındırmışdır. Bütün bunlar onların sinə kameralarında öz əksini tapmışdır. Məhkəmədə verilən suallara Elmar Əlibalayev bildirdi ki, Şəxs içkiliyini alkotestr vasitəsilə yoxlayarkən kağızları bitdiyindən sərxoşluqla bağlı alkotestrin nəticəsini çap etmək mümkün olmamış, sonuncu alkotestr vasitəsilə yoxlanılarkən sərxoşluğu 0.3 promildən yuxarı olmuşdur. Şəxs yanında ayıq sürücü olmadığına görə avtomaşının duracağa yerləşdiriləcəyini bildirmişlər. Avtomobilin üzərində həbs və ya ödənilməmiş cərimə olmamışdır. Qapıların açılmadığını gördükdə avtomobilin yan şüşəsini Şəxs sındırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil bildirdi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilsə də, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilməmişdir. Bununla əlaqədar Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş İXH protokol üzrə icraata xitam verilməsini, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ona yüngül tənbeh təyin edilməsini xahiş etdi. İş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 22 avqust 2024-cü il tarixli MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-676/2024 və 3(027)-677/2024 saylı nömrə ilə birləşdirilmişdir. Quba RPŞ-nin DYPB-nin YPX inspektoru X3 tərəfindən çəkilmiş videogörüntünün olduğu 01 ədəd CD-R formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 02:40 radələrində Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsində YPX əməkdaşları Şəxs saxlamış və sərxoş olduğu iddia edilərək avtomobilin duracağa aparacağını bildirilmişdir. Sürücü Şəxs avtomobili ayıq sürücü vasitəsilə evinə aparacağını, protokolu isə orada yazmasını tələb etmişdir. YPX əməkdaşı avtomobili duracağa aparacağını təkid etdikdən sonra Şəxs avtomobilin yan şüşəsini yumruqla vuraraq, qapısını açmaq istəmiş, lakin nəticə əldə edə bilməmişdir. Daha sonra YPX əməkdaşları tərəfindən ora PPX əməkdaşları dəvət olunan zaman Şəxs ünvansız söyüşlər söymüşdür. PPX əməkdaşları gəldikdən sonra Şəxs etiraz etmədən PPX əməkdaşlarının gəldiyi avtomobilə əyləşərək orada uzaqlaşırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib olunmuş şəxs Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə: 96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 97.1. Bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, həmçinin bu Məcəllənin 96.1-ci və 346-1.5-ci maddələrində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. 333.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görədörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd:
1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.
2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının müddəalarına əsasən: 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. 2.6. Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. 2.7. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. X6 Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 85. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı: 8) şəxsin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək üçün texniki vasitələrdən istifadə edir və ya onun tibbi müayinədən keçirilməsini təşkil edir. Qeyd: Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olubolmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir. 9) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırır və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsini saxlanılması üçün müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir). Azərbaycan Respublikası İXM-nin: 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda qeyd olunan qanun və normativ hüquqi aktlərın tələblərindən aydın olduğu kimi, sürücünün nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etməsinə dair müvafiq şübhələr aşkar edildikdə, onun vəziyyəti xüsusi texniki nəticəsi və ya həkim müayinəsinin rəyi ilə təsdiq edilməlidir. Digər tərəfdən, şəxsin sərxoş hesab edilməsi üçün qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması mütləqdir. Yalnız sürücünün sərxoşluq vəziyyətində olduğu müəyyə edildikdə və onun yanında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs olmadıqda, nəqliyyat vasitəsinin müvafiq duracağa yerləşdirilməsi tələb oluna bilər. Hazırki işdə isə müəyyən edilir ki, sürücü Şəxs sərxoşluq vəziyyəti muayinə edilməmiş, edilmişsə belə, buna dair və onun həqiqətən də sərxoş vəziyyətdə olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda, Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi barədə polis əməkdaşınım tələbinin qanuni olmasına dair əsaslı şübhələr ortaya çıxmış olur. Öz növbəsində tələb qanuni olmadıqda, ona tabe olmama İXM-nın 535.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin polis işçisi və hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamasına yönəlməsi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Bu maddə üzrə məsuliyyətin yaranması üçün zəruri hallardan biri də polis işçisinin tələblərinin qanuni olması, yəni qanunda nəzərdə tutulmasıdır. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı məlum olduğundan həmin hissədə icraata xitam verilməldir. Digər tərəfdən, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiqini tapır. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs əməlini qismən etiraf edib səmimi peşiman olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 22 avqust 2024-cü il tarixdə saat 03:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1maddəsinin tələbləri nəzərə alınmaqla, barəsində 70 (yetmiş) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 31.4-1-maddəsinin tələbləri nəzərə alınmaqla, barəsində 70 (yetmiş) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samir Məmmədov