Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-685/2023 11.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Yasamal rayon Polis İdarəsinin DYPB-nin 15 mart 2023-cü ildə tərtib olunmuş AP ******* saylı inzibati xəta haqqında protokolun və onun əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 məhkəməyə şikayət ərizəsilə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, AP ******* saylı protokolun və onun əsasında tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus “Ravon R4” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərində hərəkət olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman polis əməkdaşları onu alkotestrlə alkol istifadə edib-etmədiyini yoxlayan zaman onun sərxoş olduğunu bildirmişlər. O polis əməkdaşlarına sərxoş olmadığını, yaxınlıqda yerləşən xəstəxanalara gedib sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçməyi tələb etsə də, onlar onun təklifiylə razılaşmamış, özlərinin çıxardığı test nəticəsi ilə onun barəsində AP ******* saylı protokol tərtib etmiş və 400 manat məbəğində cərimə edilmişdir. Daha sonra o polis əməkdaşlarının yanından ayrılıb sərxoşluq vəziyyətinin tibbi müayinəsini yoxlatmaq üçün xəstəxanaya onun həmin gün sərxoş olmadığı müəyyən olunmuşdur. Həmçinin polis əməkdaşları onui saxlayıb müayinə apararkən ailəsi də avtomobildə olmuşlar. Lazım olarsa, onlarda şahid kimi bu barədə ifadə verə bilərlər. Bundan başqa, o polis bölməsinə yaxınlaşıb protokolun surətini almaq istəmişdir. Lakin oradan ona protokolun surətini verməkdən imtina etmişlər. Daha sonra israrlı olduğunu görüb protokolun 2-ci səhifəsini, boş halda təqdim etmişlər. Bu elə özü qanun pozuntusudur, (iş materiallarına əlavə edir) Qeyd olunanlara əsasən, o sərxoş olmadığı halda ona cərimə yazılması bununla bağlı məsuliyyətə cəlb olunması onun qanunvericiliklə qorunan hüquqlarını pozur. Odur ki, həmin protokol və protokol əsasında qəbul edilmiş qərar ləğv edilməlidir. Çox saylı müraciətlərinə baxmayaraq, Yasamal rayon Polis İdarəsinin DYPB ona protokolun və onun əsasında tərtib edilmiş qərarın surətini verməmişlər. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək qeyd edilən protokolun və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilmiş orqana məlumat verilsə də, Azərbaycan Respublikası DİN YRPİ-nin DYPB nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, protokoldan şikayət qanunvericiliklə nəzərdə tutulmadığından, qərardan verilmiş şikayət qismən təmin edilməli və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar ləğv edilməlidir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsinin xx.xx.2023-cü il tarixli, 2/5112 nömrəli (saat 06:55) “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Akt”ına əsasən, X2 müayinə tarixinə alkaqol sərxoşluğu vəziyyəti olmamaqla ayıq olduğu müəyyən olunmuşdur. İş materiallarından görünür ki, inzibati xəta haqqında iş baxılmağa hazırlanarkən “AsanPay” rəsmi internet saytında AP0212061 protokol üzrə cərimənin yoxlanılması zamanı X2 400 (dörd yüz) manat cərimə olunduğu müəyyən olunmuşdur. İş materiallarında olan 15 mart 2023-cü il tarixli, AP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun ikinci səhifəsindən göründüyü kimi, protokol doldurulmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X3 idarə etdiyi avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və alkotester müayinəsilə alkoqol istifadəsi nəticəsinə gəlinmiş və prokol tərtib olunmuşdur. Polis əməkdaşlarına sərxoş olmadığını bildirsə də və sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçməyi tələb etsə də barəsində AP ******* saylı protokol əsasında cərimə edilməsi barədə qərar qəbul edilmişdir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü bəndində əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması və yaxud narotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin Həmin qərarın İİİ hissəsinə yəni Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması qaydalarının 3.3-cü bəndinə əsasən Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qərarın 2.5-ci bəndinə əsasən Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilir. Həmin qərarın 2.7-ci bəndinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Göründüyü kimi, N.Əliməmmədov müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazı olan xüsusi texniki vasitələr vasitəsilə sərxoşluğunun müəyyən edilməsi nəticələrinə dair xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd edilməmiş, texniki vasitədən istifadə edilməsindən imtina etdiyinə görə tibbi müayinəyə aparılmamış, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunmamışdır. Əksinə N.Əliməmmədov öz təşəbbüsü ilə Respublika Narkoloji Mərkəzidə müayinə olunaraq ayıq olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, AR İXM-nin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır, habelə 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Qeyd edilən Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Qeyd edilən Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şikayətlə xx.xx.2023-cü il tarixli, AP ******* saylı protokolun ləğvi də xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, şikayət bu hissədə təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Qeyd edilən Qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsinə uyğun olaraq, səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayətə baxılmanın predmeti həmin qərarla məhdudlaşır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, AP ******* saylı protokol əsasında qəbul edilmiş qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-685/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-685/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver