Məhkəmə qərarları › İş №3(027)-69/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-69/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-69/2025 05.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Quba RPŞ DYPB-nin Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsilə müraciət edərək, Quba RPŞ DYX-nin 16 yanvar 2025-ci il tarixli, TP ******* saylı barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasın 100 manat məbləğində cərimə olunmağı barədə qərarın ləğv olunması barədə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 16 yanvar 2025-ci il tarixində, “UAZ 3151410” minik markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə Vladimirovka kənd ərazisində, magistral yoldan Vladimirovka kəndinə daxil olaraq, məktəb yaxınlığında avtomobili saxlayıb, məktəbliləri düşürdükdən sonra, yenidən magistral yola çıxmaq üçün dönmə işığını yandırıb, sükanı döndərib əks istiqaməti gözlədiyimdə, arxadan yüksək sürətlə gələn avtomobil, soldan əks istiqamətə də çıxmaqla, onun idarə etdiyi avtomobili ön tərəfdən vuraraq qəza törətmişdir. Halbuki sağdan keçmə üçün yol var idi. Hadisə ilə bağlı protokol tərtib edildi və qərar qəbul edildi. 16 yanvar 2025-ci il tarixində qeyd olunan qərarın surətini almışdır. Həmin qərara əsasən barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh tətbiq edilmişdir. Qərarda düzgün olmayaraq onun tərəfindən, əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması əməlini yazılmışdır. Halbuki əks zolağa çıxmamışdır. Onun barəsində çıxarılmış həmin qərar əsassız və qanunsuzdur, bu qərar ilə razılaşmır. Buna görə DİN-in “102” xidmətinə məlumat vermişdir. Onun tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir, bu qərar heç bir əsas və sübut olmadan çıxarılmışdır. Hansı ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Beləliklə barəmdə tərtib edilmiş yuxarıda göstərilən inzibati xəta haqqında qərar qanunun tələbləri pozulmaqla tərtib edilmişdir. Heç bir inzibati xəta törətmədiyi halda haqqında inzibati tənbeh tədbiri görülmüşdür. Məhkəmə iclasında şikayət verən X2 ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin DYPB-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan Quba RPŞ DYX-nin 16 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Məhkəmənin sorğusu əsasında təqdim olunmuş yol-nəqiyyat hadisəsinin sxemindən göründüyü kimi, “UAZ 3151410” minik markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 2107” markalı, avtomobilin sağ qanad hissəsindən toqquşmuşdur. X2 şikayətini məktəb yaxınlığında avtomobillə magistral yola çıxmaq üçün dönmə işığını yandırıb, əks istiqaməti gözlədiyində, arxadan yüksək sürətlə gələn avtomobilin, soldan əks istiqamətə də çıxmaqla, onun idarə etdiyi avtomobili ön tərəfdən vuraraq qəza törətməsi, və onu sağından keçməsi üçün yolun olması ilə əsaslandırmışdır. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 40-cı bəndində qeyd olunub ki, üstünlük — nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur. Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən “yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir” kimi anlayış verilmişdir. Şikayət verən şəxsin digər avtomobilin onu sağından keçməsi üçün yolun olması ilə əsaslanma tutarlı sayıla biməz. Belə ki, “UAZ 3151410” minik markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “VAZ 2107” markalı avtomobilin sola dönmə, həmçinin hərəkət istiqamətini və ya sürətini hadisənin qarşısını almaq baxımından dəyişdirmə imkanı nəzərə alınmaqla sonrakı hərəkət istiqamətindən asılı olmayaraq ona yol verməli idi. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun Qanununun 77-ci maddəsinin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Təqdim olunmuş sübutlardan, göründüyü kimi, “UAZ 3151410” minik markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə lazımi diqqət və ehtiyatlılıq göstərərək başqa nəqliyyat vasitəsi qabaqcadan görməli olduğu halda, təhlükəsiz manevr etməli olduğu və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olması ilə bağlı qanunun tələbinə riayət etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* seriyalı elektron qərar faktiki əsaslar olmaqla, düzgün olan hüquqi tövsif nəticəsində qəbul edilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* elektron qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar