Məhkəmə qərarları › İş №3(027)-705/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-705/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-705/2021 01.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1960-cı il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, Timiryazev qəsəbəsində qeydiyyatda olan və yaşayan (X4 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba rayon Məhkəməsinin 1(027)-28/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli və 2(027)-996/2020 nömrəli, 18 iyun 2020-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 01 sentyabr 2021-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba rayon Məhkəməsinin 1(027)-28/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli icra sənədinə əsasən, borclu Şəxs 17500 manat və mənəvi ziyana görə 4000 manat məbləğində pul alınaraq tələbkar X5 verilməlidir. Quba rayon Məhkəməsinin 2(027)-996/2020 nömrəli, 18 iyun 2020-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs hər ay 190 manat məbləğində pul alınaraq tələbkar X5 verilməlidir. Qeyd olunan icra vərəqələri şöbənin icraatına 08.07.2021-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Qeyd olunan icra sənədləri 08.07.2021-ci il tarixdə “eyni borclu barəsində olan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” qərar qəbul edilərək ümumi icraatda birləşdirilmişdir. Hər iki məhkəmə qərarına görə tələblərin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədləri üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədlərinin icrasının səmərəli təmin etmək məqsədilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınardaşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Borclu Şəxs Quba rayon Məhkəməsinin 1(027)-28/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli icra sənədi üzrə 1250 manat ödəniş etmişdir və bu günə 20250 manat pul borcu vardır. Borclu Şəxs Quba rayon Məhkəməsinin 2(027)-996/2020 nömrəli, 18 iyun 2020-ci il tarixli icra sənədi üzrə 2660 manat borcu vardır və bu günə qədər tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba rayon Məhkəməsinin 1(027)-28/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli icra sənədinə əsasən, ondan 17500 manat və mənəvi ziyana görə 4000 manat məbləğində pul alınaraq tələbkar X5 verilməlidir. Quba rayon Məhkəməsinin 2(027)-996/2020 nömrəli, 18 iyun 2020-ci il tarixli icra sənədinə əsasən, ondan hər ay 190 manat məbləğində pul alınaraq tələbkar X5 verilməlidir. Quba rayon Məhkəməsinin 1(027)-28/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli icra sənədi üzrə 1250 manat ödəniş etmişdir. İcra sənədini icra etməkdən imtina etmir. Lakin hal-hazırda səhhəti ilə əlaqədar yaranmış borcu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə zərərçəkmiş şəxs X9 izahat verərək göstərdi ki, Quba rayon Məhkəməsinin 1(027)-28/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli icra sənədinə əsasən, borclu Şəxs 17500 manat və mənəvi ziyana görə 4000 manat məbləğində pul alınaraq ona verilməlidir. Quba rayon Məhkəməsinin 2(027)-996/2020 nömrəli, 18 iyun 2020-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs hər ay 190 manat məbləğində pul alınaraq ona verilməlidir. Borclu Şəxs Quba rayon Məhkəməsinin 1(027)-28/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli icra sənədi üzrə 1250 manat ödəniş etmişdir və bu günə 20250 manat pul borcu vardır. Borclu Şəxs Quba rayon Məhkəməsinin 2(027)-996/2020 nömrəli, 18 iyun 2020-ci il tarixli icra sənədi üzrə 2660 manat borcu vardır və bu günə qədər onun xeyrinə heç bir ödəniş etməmişdir. Bildirmişdir ki, hər iki icra sənədi üzrə borcunun hazırda tam şəkildə ödənilməsini tələb edir. 1-ci qrup əlildir. Müalicəsi üçün təcili pula ehtiyyacı var. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona dəymiş ziyandan heç bir ödəniş etmir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun ən sərt tədbir görülməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X10 baş vermiş yol-nəqliyyat hadisəsindən sonra əlil qalmışdır. Həmin yol-nəqliyyat hadisəsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən ona 17.500 manat məbləğində maddi ziyan və 4.000 manat məbləğində mənəvi ziyan dəyməsi Quba rayon Məhkəməsinin 1(027)-28/2019 saylı, 24.01.2019-cu il tarixli hökmü ilə müəyyən edilmişdir. Zərərçəkmiş şəxs X10 yol-nəqliyyat hadisəsindən sonra hal-hazıradək yerimə qabiliyyətini itirmişdir. Məhkəmə hesab edir ki, Şəxs borcundan ödəniş etməməsi onun icra sənədi üzrə tələbi qərəzli olaraq icra etməməsi kimi qiymətləndirilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bununla da məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 01 sentyabr 2021-ci il tarixdən, saat 15:55-dən hesablansın. Qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar