Məhkəmə qərarları › İş №3(027)-71/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-71/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-71/2023 01.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət vermiş X2 iştirakı ilə Quba RPŞ DYPİ-nin polis kapitanı X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, polis kapitanı X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 04 sentyabr 2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C180” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olarkən, H.Əliyev prospekti ilə kəsişən S.Vurğun küçəsinə dönmək üçün sol tərəfə dönmə işığını yandıraraq avtomobilin sürətini azaltmışdır. Dönən zaman arxadan gələn “Vaz 21015” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilə arxa sol küncdən dəymiş, zərbə nəticəsində o, idarəetməni itirərək S.Vurğun küçəsindən H.Əliyev prospektinə çıxmaq üçün gözləyən, arxa-arxaya dayanmış vəziyyətdə olan “Vaz 21074” və “Vaz 21099” markalı avtomobillərlə toqquşmuşdur. Hadisə yerinə Quba rayon DYP əməkdaşları gəlmiş və onlar da yol-nəqliyyat hadisəsi zamanı təqsirkar tərəf olaraq, onun idarə etdiyi avtomobilə arxadan dəyən “Vaz 21015” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü təqsirli kimi müəyyənləşdirmişlər. Lakin, hadisənin olduğu gündən 25 gün keçəndən sonra, Quba rayon DYP şöbəsində polis kapitanı X4 hadisəyə “VAZ 21015“ markalı avtomobilin sürücüsü ilə yanaşı, onun da, səbəb olduğunu bildirərək təqsirkar tərəflərdən digəri kimi onu günahlandırıb və protokol tərtib etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində onun heç bir təqsiri olmamışdır. Hadisə baş verdiyi tarixdən 25 gün sonra Quba rayon DYP şöbəsinin polis kapitanı X4 hansı səbəbə əsaslanaraq hadisənin baş verməsində onun da təqsiri olduğunu sübut edərək ona protokol yazmasını başa düşə bilmir. Məhkəmədə X3 ərizəni müdafiə edərək, barəsində tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Quba RPŞ-nə məlumat verilsə də, Quba RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə işə Quba RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmalı və inzibati iş yenidən araşdırılması üçün Quba RPŞ-nə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qeyd edilən Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, TP ******* saylı inzibati material məhkəməyə təqdim olunmadığından, digər avtomobilin zərbəsinin təsirindən yol-nəqliyyat hadisəsinin baş verə biləcəyi ilə bağlı şübhələr X2 xeyrinə həll edilməli olduğundan və X3 tərəfindən qeyd edilən qərarla törədilmiş sayılan inzibati xəta ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasında səbəbli əlaqənin olub-olmamasını, habelə təqsirlilik dərəcəsinin müəyyən edilməsi hazırki icraat gedişində mümkün olmadığından, barəsində şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Quba RPŞ DYPİ-nin polis kapitanı X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar