Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-710/2023 27.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu , Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsilə daxil olmuş inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası DİN-in Quba rayon Polis şöbəsindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, material natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə protokol xx.xx.2023-cü il tarixdə tərtib edilsə də, baxılması üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Halbuki, İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Habelə AR İXM-nin 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 121-ci maddəsinə əsasən həmin Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Hazırkı iş üzrə İXM-nin 347-ci maddəsi üzrə inzibati xəta haqqında işlərdə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmasına qadağa qoyulmamışdır. Həmçinin materiala əlavə edilmiş sorğu imzalanmamış və sorğunun çatdırılması barədə poçt xəbərnaməsi əlavə edilməmişdir. Bundan başqa bir hüquqi şəxsin mövcudluğu, onun hüquqi və ya faktiki ünvanı, VÖEN barədə, dövlət qeydiyyatı barədə heç bir sənəd də təqdlim edilməmişdir. Hüquqi şəxsin mövcudluğuna dair, onun hüquqi ünvanının Quba rayonu inzibati ərazisinə aid olmasına dair iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Qeyd edilən məlumatlar Vergilər Nazirliyinin İnternet Vergi İdarəsindən internet saytından “Kommersiya qurumlarının dövlət reyestri məlumatları” (dövlət qeydiyyatına alındığı tarix, qanuni təmsilçisi, hüquqi ünvanı, təşkilati hüquqi forması və s.) məhkəməyə təqdim edilmiş materiallarda olmamışdır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verilməmiş, protokol tərtib edilməzdən əvvəl dəvət edilməmiş, nümayəndəsi dəvət olunaraq izahat vermək, protokolun məzmunu barədə, o cümlədən sorğuya cavab verilməməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmiş, işin icraatını rədd edən hallar mövcud olubolmadığı araşdırılmayaraq hüquqi şəxsin fəaliyyətinin dayandırılıb-dayandırılmaması aydınlaşdırılmamış, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış və bunun səbəbləri barədə qeydiyyat aparılmamışdır. Halbuki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan Azərbaycan Respublikası DİN Quba rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-710/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-710/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver