Məhkəmə qərarları › İş №3(027)-714/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-714/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-714/2025 18.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Daxil olmuş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Quba rayonu, İkinci Nügədi kəndində ailəsi ilə birlikdə yaşayır. 23 dekabr 2024-cü il tarixdə, saat təxminən 16:44 radələrində idarə etdiyi “Opel Astra” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə Quba şəhərindən Bakı yolu istiqamətində yola çıxaraq hərəkətə başlamışdır. O, Quba rayonu, İkinci Nügədi kəndinə evə getmək üçün Pirvahid kənd avtomobil yolu ilə getmək fikrində olmuşdur. Avtomobilində sərnişin qismində tanışı X7 olmuşdur. O, yol ilə gələrkən Pirvahid kəndi ərazisində yolda sərnişin qismində həmkəndliləri X5 və X8 da avtomobilinə mindirmişdir. Təxminən saat 16:44 radələrində Pirvahid kənd avtomobil yolunun kəndinin mərkəzi hissəsində, “777” adlı marketi keçdikdən sonra təhlükəli döngəyə yaxınlaşarkən əks istiqamətdən tünd göy rəngli bir avtomobilin sürətlə hərəkət edərək gəldiyin görmüşdür. Bu zaman onun qarşısında bir avtomobil də hərəkət etmiş, lakin onun modeli və rəngi yadında qalmamışdır. O, qarşıdan gələn avtomobilə baxan zaman həmin avtomobilin yolun ortası ilə hərəkət etdiyini və onun üzərinə gəldiyini görmüşdür. Həmin avtomobil bir qədər də yaxınlaşdıqdan sonra o, bir anlıq olaraq avtomobilin sağa-sola oynadığını görmüşdür. Bu zaman qulağına əyləcin səsi də gəlmişdir. O, sükanı sağa çəkmək istəsə də, sağ tərəfdə dirəklər və manelər olduğu üçün bunun edə bilməmişdir. Lakin mümkün qədər avtomobili sağa sıxaraq hadisədən yayma bilmək üçün çalışmışdır. Buna baxamayaraq həmin tünd göy rəngli avtomobil çox sürətli olduğu üçün idarəetməni itirərək qabaq-sol tərəfi ilə onun avtomobilini qabaq sol tərəfindən vurmuşdur. Toqquşma onun hərəkət zolağında baş vermişdir. Toqquşmadan sonra onun avtomobilinin şarları açılmış və huşsuz vəziyyətə düşmüşdür. Bir qədər sonra özünə gələrək atvtomobildən düşsə də şok vəziyyətində olmuşdur. Daha sonra isə hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmişdir. Mən avtomobil ilə xəstəxanaya getmişdir. Həmin vaxt o, avtomobili təxminən 40 km/saat sürətlə idarə etmişdir. Lakin qəza baş verən zaman sürəti 30 km/saata endirməyi bacarmışdır. Hadisə vaxtı idarə etdiyi avtomobildə hər hansı bir yük və texniki nasazlıq olmamışdır. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Hadisə vaxtı səhhətində hər hansı narahatçılıq olmamışdır. İdarə etdiyi “Opel Astra” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətində yolda təhlükəli döngə olmuş, lakin təhlükəli döngə nişanı olmamışdır. İdarə etdiyi “Opel Astra” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə “LADA Kalina” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hərəkət zolağına, yəni onun hərəkət zolağına çıxdığı andan yaranmış və həmin anda “LADA Kalina” markalı avtomobillə aralarında təxminən 7 (yeddi) metr məsafə olmuşdur. Toqquşma təhlükəsi yaranan anda o, olduğu yerdən toqquşma yerinə kimi təxminən 2 (iki) metr məsafə qət etmişdir. Toqquşma təhlükəsi yaranan zaman tormoz pedalını sıxaraq sükanı sağa döndərmək istəsə də sağda dirək, avtomobil və digər maneələr olduğu üçün bunu etməmişdir. Qarşıdan gələn “LADA Kalina” markalı avtomobilin onun hərəkət zolağına çıxmasını hadisənin baş vermə səbəbi kimi izah edir. “Opel Astra minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə bağlı "BC" kateqoriyalı sürücülük vəsiqəsiolmuş, avtomobil texniki baxışdan keçmiş və sığorta olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-nin Quba rayon Polis Şöbəsinə və zərər çəkmiş şəxslərə lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin, habelə Quba rayon Polis şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 24 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Quba RPŞ-nin DYPB-yə göndərilməsi, Şəxs və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, təhqiqat araşdırması zamanı X9, ayıq vəziyyətdə və AE622727 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “LADA Kalina” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili, Şəxs isə ayıq vəziyyətdə və BD601943 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili 23 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində Quba rayonu, Pirvahid kəndi ərazisində hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 3-cü hissəsinin 1-cü bəndinin və 49-cu maddənin 1-ci hissəsinin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna riayət etməyərək qanunun tələblərini pozmuşlar. İş materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxs tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli, 1067,1068,1072,1079 nömrəli ekspert rəylərinə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2, X6, X1 yüngül zərər vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törətməsi nəticəsində zərər çəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələrilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun təqsiri inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilir, əməli düzgün olaraq İXM-nin 327.8-ci maddəsilə tövsif edilmişdir və ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən və bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini nəzərə alaraq barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini tənbehin məqsədləri baxımından məqsədəmüvafiq hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç) yüz manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar