Məhkəmə qərarları › İş №3(027)-717/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-717/2021

07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-717/2021 07.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq məhkəmə, müəyyən etdi: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 03.08.2021-ci il tarixdə Quba şəhəri, Dəvədabanı yaşayış massivində baş tutan toyda ofisant kimi işləməyə getdiyi yoldaşı Abasov Səbuhi Fərhad oğlu qazandıqları pulu bölməyə razılaşdığı halda onun əlindən 25 manatı və toydan yığılan çay pulu ilə aş pulunu 80 manat ondan məcburi götürmüşdür. Bununla bağlı Quba RPŞ-nin İTB-nın sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 07.09.2021-ci il tarixli, MN 1146496-2940 nömrəli protokol materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokolu tərtib edən X3 göstərdi ki, Şəxs 03.08.2021-ci il tarixdə Quba şəhəri, Dəvədabanı yaşayış massivində baş tutan toyda ofisant kimi işləməyə getdiyi yoldaşı X2 əlindən 80 manat məcburi götürmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək,izahatında göstərmişdir ki, 03.08.2021-ci il tarixdə Abasov Səbuhi ilə Quba rayonu, Dəvədabanı yaşayış massivində toy şənliyinə getmiş, orada 25 manat pul və toyda masalardan verilən 55 manat şirinçay və aş pulunu Səbuhinin onunla böləcəyini razılaşmış, lakin toy bitdikdən sonra onlar Quba rayonu avtovaqzal ərazisinə gələrək orada aralarında olan mübahisə zamanı Səbuhinin ona pulu göstərdiyini və onunla bölməyəcəyini düşünüb əlində olan pulun hamısını alıb getmişdir. Hazırda oğurladığı pulları tam qaytarmış və zərəzçəkmiş şəxslə barışmışdır. Göstərilənləri nəzərə alıb inzibati material üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, 03.08.2021-ci il tarixdə Həmzə adlı şəxslə Quba rayonu Dəvədabanı yaşayış massivində toy məclisində birlkidə ofisant işləyib, Həmzə ilə toy məclisində ona 25 manat pul verəcəyini, masalarda verilən şirinçay və aş pulunun isə ona qalacağı barədə razılaşıb, masalardan 55 manat pul yığıb, lakin toy məclisi bitdikdən sonra Quba rayonu avtovaqzal ərazisinə gəlib orada aralarında yaranmış mübahisə zamanı əlində olan 80 manat pulun hamısını Həmzə alıb qaçmışdır. Hazırda Şəxs ilə barışmış, Həmzə ona dəymiş ziyanı tam ödəmişdir. Hazırda ona qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan Quba RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş 13 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, O, hal-hazırda Şəxs ilə barışmışdır, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikaksı İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.9, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslə barışması əsasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar