Məhkəmə qərarları › İş №3(027)-719/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-719/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-719/2023 26.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlnun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X6 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə İmişli rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli şəhəri, A.Məmmədov küçəsi ev 81 ünvanında qeydiyyatda olan və yaşayan (X3 xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1, və 206-cı maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiallara əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Qub arayonu Digah kəndində yaşadığı ünvanda narkotik vasitə olan marixuana çəkmiş, xx.xx.2023-cü il tarixdə saat 01:40 radələrində Quba rayonu Digah kənində sərxoşvəziyyətdə ucadan ünvansız nalayiq söyüşlər söymüş, xx.xx.2023-cü il tarixdə saat 01:40 radələrində sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində 25 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi il inzibati xəta haqqında MN ******* nömrəli, 25 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli, 25 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokollar tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli hesab edərək bildirmişdir ki, 2023-cü ili mart ayından Quba rayon Digah kəndində yeni tikilən məktəb binasında usta kimi işləyir və həmin kənddə kirayədə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində yaşadığı ünvanda ilə yemək yeyərkən spirtli içki qəbul etmişdir. Saat təxminən 01:00 radələrində dostunu evələrinə yola salmaq üçün kəndin mərkəzi küçəsinə gəlmiş və dostu ilə söhbət edərkən polis əməkdaşları onlara yaxınlaşmış və o sərxoş olduğundan ünvansız nalayiq söyüşlər söymüşdür. Polis əməkdaşları onları sakitləşdirmək istədikdə o, kağız kəsmək üçün nəzərdə tutulan rezak ilə boynuna və sol əlinə xəsarət yetirmişdir. Əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X9 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin gənc olmasını və əməlindən peşman olmasını nəzərə alaraq, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Quba RPŞ-nin nümayəndəsi Elşən Ağamirzəyev, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1, və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəldiyi üçün X8 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. X4 barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından görünür ki, Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN ******* nömrəli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair MN ******* Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-717/2023, 3(027)-718/2023 və 3(027)-719/2023 saylı işlər bir icraatda 3(027)-719/2023 saylı nömrə ilə birləşdirilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli 68 nömrəli aktından görünür ki, Şəxs narkotik vasitə qəbul etdiyi aşkar edilmişdir. Həmin aktda Şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafını, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən Şəxs İXM-nin 535.1, 510, və 206-cı maddələri ilə təqsirli bilinib, barəsində 206-cı maddədə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Belə ki, iş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuş və 22:00-da azad edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Belə ki, xx.xx.2023-cü il tarixli 68 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinin rəyinə əsasən Şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, Şəxs barəsində məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınmalıdır. Şəxs barəsində həbs etmənin xx.xx.2023-cü il tarixdən, saat 17:15-dən hesablanmalıdır. İş materiallarından həmçinin görünür ki, Quba rayon Vəkil Bürosunun vəkili X9 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 206-cı maddədə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2023cü il tarixdən, saat 17:15-dən hesablansın. Şəxs məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınsın. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 01 (bir) iş saatına görə 06 (altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar