Məhkəmə qərarları › İş №3(027)-728/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-728/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-728/2024 27.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X3 məhkəməyə müraciət edərək, Quba rayon Polis Şöbəsi tərəfindən barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli Qərarının ləğv edilməsi və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba şəhəri, A. Aslanov küçəsi 50 №li evdə yaşayır, ona məxsus “Toyota Camry” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. 16 avqust 2024-cü il tarixdə axşam saat 22-18 radələrində həmin avtomaşını idarə edərək, Quba şəhərinin Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən, arxasınca gələrək Quba rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X4, guya onun tərəfindən “Megastor” ticarət mərkəzinin qarşısından keçən zaman svetaforun qırmızı işığında keçərək inzibati xəta törətdiyini bildirmişdi, barəsində AR İXMnin 327.2-ci maddəsilə inzibati protokol tərtib edərək 3 bal və 100 manat cərimə ilə onu inzibati tənbehə cəlb etmişdi. Halbuki, o həmin inzibati xətanı törətməmişdi. Belə ki, hərəkətdə olduğu həmin yolda insanlar sıx hərəkətdə olurlar və orada svetoforun qırmızı işığından başqa, piyadalar üçündə ağ zolaqlı keçid nəzərdə tutulmuş və orada video müşahidə kameraları quraşdırılmaqla nəqliyyat vasitələrinin hərəkəti fasiləsiz olaraq müşahidə altındadır. Buna görə o yol polisi əməkdaşına etirazını bildirmişvə videokameranın çəkilişlərinin ona təqdim olunmasını tələb etmişdir. Qaydaya görə əgər yol videoqurğunun müşahidəsi altındadırsa, törətdiyi xətanı ona sübut etmək üçün videogörüntünü ona təqdim etməli idi. Tələbinə baxmayaraq, bunu etməmişdir. Çünki o özü də bilirdi ki, o qayda pozmamışdır. Bundan başqa həmin vaxt onun yanında sağ tərəfində tanışı X7 və X5 da olmuşlar. Yol prolisi əməkdaşı ilə söhbət edərkən hər ehtimala qarşı dəqiqləşdirmək üçün onlardan da keçid zamanı qırmızı işığın yanıb-yanmadığını soruşmuş və onlar da birmənalı olaraq qırmızı işığın yanmadığını təsdiq etmişlər. Buna baxmayaraq, Yol polisi tərəfindən barəsində əsassız olaraq protokol tərtib olunmuşdur. Barəsində qəbul edilmiş qərarın surətini də ona müəyyən olunmuş iki gün müddətində verməmişlər. Qərarın surətini yalnız 07 sentyabr 2024-cü ildə özü gedib polisdən ala bilib. Odur ki, Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən X3 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN Quba RPŞ DYPB-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X5 və X9 avtomobili X2 idarə etdiyini və avtomobilin işıqforun qırmızı işığında keçmədiyini, ümumiyyətlə işıqforun işıqlarının yanmadığını bildirmişlər. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (yüz) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- 100 (yüz) manat məbləğində cərimə edilir. ““Toyota Camry” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil nizamlanan yolayrıcında hərəkətdə olmuşdur Nizamlanan yolayrıcı — hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta hadisəsilə bağlı foto və ya video material əlavə olunmamışdır və qeyd olunan hallar inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından, məhkəmə hesab edir ki, həmin şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar