Məhkəmə qərarları › İş №3(027)-733/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-733/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-733/2025 18.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə X1 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ DYPB–nin Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X3 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən Quba RPŞ DYPX-nin 30 iyul 2025-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilərək, inzibati xəta haqqında icraat üzrə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 28 iyul 2025-ci il tarixdə saat 18 radələrində özünə məxsus VOLKSVAGEN KONBİ MİNİK markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Zərdabi kəndindən çıxıb Barlı kəndində yaşayan qızının evinə getmək istəmişdir. Bu məqsədlə maşını yavaş sürətlə idarə edib Zərdabi kəndinin giriş qapısından çıxıb sola-Xaçmaz şəhəri istiqamətinə maşını döndərib hərəkət etmək istəmişdir. Buna görə sağa-Quba şəhəri istiqamətinə baxmış ki, gələn maşının olub-olmamasını yoxlasın. Quba istiqamətindən təxminən 150-200 metr aralıdan bir ağ rəngli FORD markalı avtomaşının gəldiyini görmüşdür. Aralarında məsafə çox olduğuna görə sola dönmüş, yavaş sürətlə-20 km/saat sürətlə öz yoluna dönmüş, bu anda arxa sol tərəfdən avtomaşınına zərblə dəyməni hiss etmiş, zərbədən avtomaşını qabaqda yolun sağ tərəfindəki mağazanın qarşısında dayanmış qara rəngli VAZ-21015 markalı avtomaşına arxa tərəfdən çırpılmışdır. Avtomaşınının arxa oturacağında həyat yoldaşı əyləşmişdir. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmamışdır. Yalnız avtomaşınları əzilmişdir. Hadisə yerinə yol polisi və sığorta əməkdaşlarını dəvət etmişdir. Yol polisi əməkdaşları hadisə yerinə baxdılar və sənədləri alıb getmişlər. Lakin səhəri bir yerdə araşdırma aparmadan onun mobil telefonuna SMS-xəbər gəldi ki, o, AR İXM-nin 327.2-ci maddəsilə, guya yol ayrıcını keçmə qaydalarını pozduğuna görə 100 manat məbləğində cərimə olunmuşdur. O həmin inzibati xətanı törətməmişdir. Yaşayış məntəqəsindən çıxıb şosse yola dönəndə təhlükəsizlik qaydalarına əməl etmək məqsədilə yola baxmış, aralıdan gələn avtomaşınla aralarında 150-200 metr məsafə olmuş, o, aralarındakı məsafənin çox olmasını və yaşayış məntəqəsində gələn avtomaşının sürətinin aşağı olacağını fikirləşib, sola dönməni yerinə yetirmiş və təxminən 7-8 metr qabağa da hərəkət etmişdir. Buna baxmayaraq FORD markalı avtomaşın arxadan gəlib onun avtomaşınına dəydi, halbuki yavaş sürətlə gəlsəydi heç toqquşma baş verməyəcəkdi. Toqquşmanın səbəbi FORD markalı avtomaşının yüksək sürətlə idarə olunması idi ki, yol polisi əməkdaşları bunu nəzərə almadılar. Yol polisi əməkdaşları o, narazılıq etdiyi zaman protokol tərtib edib araşdırma aparmalı olduğu halda, bunu etmədilər, hadisə üzrə heç izahatlarını belə almadılar, bircə sənədləri hadisə yerində götürüb çıxıb getdilər, birbaşa onun təqsirliliyi barədə əsassız qərar qəbul etdilər. Belə mübahisəli vəziyyətdə hadisənin baş verməsində təqsirli şəxsin dəqiq müəyyən edilməsi üçün yol-nəqliyyat ekspertizası təyin olunmalıdır ki, bunu da yol polisi əməkdaşları etməmişlər. Odur ki,barəsində tərtib olunmuş qərar əsassız olduğundan ləğv edilməli və təqsiri olmadığından inzibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayət verən X3 ərizənin məzmununa uyğun izahat vermiş və həmin vaxt hər hansı bir qayda pozuntuna yol vermədiyi üçün qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Quba RPŞ-nin YPXyə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş inzibati xəta haqqında 30 iyul 2025-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 28 iyul 2025-ci il tarixdə VOLKSVAGEN KONBİ MİNİK markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM–nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” AR Qanunun 1-ci maddəsinə əsasən 1) yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; 12) nizamlanan yolayrıcı – hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır; 13) nizamlanmayan yolayrıcı – nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır; Həmin Qanun 77-ci maddəsinin İ bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Şikayətçi məhkəməyə təqdim etdiyi şikayətdə yolayrıcı keçmə qaydalarında hər hansı bir pozuntuya yol vermədiyini iddia etsə də, məhkəməyə təqdim edilmiş videogörüntülərdən müəyyən olunur ki, X2 məxsus “VOLKSVAGEN KONBİ MİNİK” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşın eyni əhəmiyyəti olmayan yolayrıcına daxil olan zaman pozuntuya yol vermiş, nəticədə qəza baş vermişdir. Bundan əlavə “Ford” markalı nəqliyyat vasitəsinin ona münasibətdə 150-200 metr məsafədə olduğunu qeyd etsə də, görüntülərdə hadisənin nəqliyyat vasitəsinin yolayrıcına daxil olmasından çox qısa zaman ərzində baş verməsi müşahidə olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş 30 iyul 2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün əsas olmadığından, X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh barədə qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar