Məhkəmə qərarları › İş №3(027)-738/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-738/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-738/2025 13.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29276961 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 346.5-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 29276961 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, idarə etdiyi qaz 31105 markalı ** HX *** dövlət qeydiyyat nömrəli ağ mirvari rəngli avtomobilini xx.xx.2025-ci il tarixdə saat 17-07 radələrində, Quba şəhəri 29-cu kvartalda yerləşən yaxın qohumunun yaşadığı mənzilin qarşısında saxlayıb, qohumunun evinə getmişdir. O, evdən çıxıb idarə etdiyi avtomaşına minmək istədiyi vaxt, bir nəfər tanımadığı şəxs bildirdi ki, təxminən 10 dəqiqə əvvəl, Quba rayon polis şöbəsinin DYPB-nin yol patrul xidmətinin serjantı, KİO markalı 668 nömrəli yol patrul maşınını idarə edən Elnur adlı polis serjantı, idarə etdiyin avtomobilin foto şəklini çəkərək çıxıb getdi. Onun mobil telefonuna göndərilmiş EQ29276961 nömrəli cərimə protokolunda, idarə etdiyi “Qaz 31105” markalı **-HX-*** dövlət qeydiyyat nömrəli ağ mirvari rəngli avtomobilinə, xx.xx.2025-ci il tarixdə saat 17:07 radələrində Quba rayon polis şöbəsinin DYPB-nin yol patrul xidmətinin serjantı, KİO markalı 668 nömrəli yol patrul maşınını idarə edən Elnur adlı polis serjantı tərəfindən, əsassız və qanunsuz olaraq Azərbayvan Respublikasının İnzibati xətalar məcəlləsinin 346.5-ci maddəsini rəhbər tutaraq 40 manat məbləğində EQ29276961 nömrəli cərimə protokolunun tərtib olunması müəyyən edilmişdir.Tərtib edilmiş EQ29276961 nömrəli cərimə protokolunun qeydə alınma yerinin Quba şəhəri Heydər Əliyev prospekti 200 nömrəli ərazidə tərtib edilməsi göstərilmişdir. Sual doğur ki, o, idarə etdiyi avtomaşınını ünvan Quba şəhəri 29-ci kvartalda yerləşən mənzilin qarşısında saxladığı halda, tərtib edilmiş cərimə protokolunda, protokolun qeydə alınma yerinin Quba şəhəri Heydər Əliyev prospekti 200 nömrəli ərazidə tərtib edilməsi, hansı məntiqə uyğun göstərilmişdir. Halbuki, qohumunun yaşadığı ünvan Quba şəhəri 29-ci kvartalda yerləşir. Onun şəxsən tərtib edilmiş protokoldan əsla məlumatı olmamış, tərtib edilmiş EQ29276961 nömrəli cərimə protokolu üzrə onun izahatını alan yol patrul xidmətinin əməkdaşı olmamış, inzibati xətanın qeydə alınma yeri düzgün göstərilməmişdir. İdarə etdiyi avtomobilini qadağan olunmuş yol ərazisində saxlamamış və tərtib edilmiş EQ29276961 nömrəli cərimə protokolu, Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsinin tələblərinə uyğun olmasının heç bir qanuni əsası yoxdur. Onun barəsində dəfələrlə Quba rayon polis şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən, eyni qəbildən olan inzibati protokollar tərtib edilsə də, o, əsla buna əhəmiyyət verməyib, yazılmış cərimə məbləğini ödəmişdir. Lakin onun susmağı, görünür ki, barəsində EQ29276961 nömrəli cərimə protokolunu tərtib etmiş və Quba rayon polis şöbəsinin DYPB-nin yol patrul xidmətinin serjantı, KİO markalı 668 nömrəli yol patrul maşınını idarə edən Elnur adlı polis serjantının "iştahasını" daha da artırmış və səmimiyyətimdən suiistifadə edərək əsassız və qanunsuz olaraq, barəsində Azərbaycan Respublikasının İnzibati xətalar məcəlləsinin 346.5-ci maddəsini rəhbər tutaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Adı qeyd edilmiş Quba rayon polis şöbəsinin DYPB-nin yol patrul xidmətinin serjantı, KİO markalı 668 nömrəli yol patrul maşınını idarə edən Elnur adlı polis serjantı, ona izah etsin ki, o, idarə etdiyi avtomobilini konkret olaraq harada saxlamışdır. 31 iyul 2025-ci il tarixdə istifadə etdiyi 010-XXXXXX nömrəli mobil telefonuna Quba rayon məhkəməsindən mesaj gəlib ki, Quba rayon məhkəməsini 17 iyul 2025-ci il tarixdə göndərdiyi müraciətinə, Quba rayon polis şöbəsinin Dövlət yol polis bölməsinin əməkdaşı tərtəfindən tərtib edilmiş 15 iyul 2025-ci il tarixli " Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yolllarılndan istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarın göndərilmədiyi göstərilmişdir. Bununla əlaqədar olaraq bu gün, yəni 01 avqust 2025-ci il tarixdə qeyd edilmiş qərarı öz təşəbbüsü ilə əldə edərək təkrar müraciətinə əlavə edir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-yə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29276961 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 40 (qırx) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 346.5-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir İş materiallarına əlavə edilmiş fotoşəkillərdən X3 tərəfindən inzibati xəta hadisəsinin törədilməsi müəyyən olunmur. Belə ki, sözügedən nəqliyyat vasitəsinin saxlanıldığı yerdə hər hansı bir nişan mövcud deyildir. Əlavə olaraq digər avtomobillərin hərəkətini məhdudlaşdırması və ya hər hansı bir təhlükə yaratması müşahidə olunmur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29276961 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29276961 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar