Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-746/2025 04.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvandan qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:19 radələrində “TOYOTA LC 200” minik markalı **-GT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXMnin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:19 radələrində özünə məxsus “TOYOTA LC 200” minik markalı **-GT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini bəzədib marketə gedərkən, polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt maşının üstündə tül olmuş, tülün az hissəsi nömrənin üzərinə düşmüşdür. Avtomobil normal vəziyyətdə olmuş, bununla bağlı telefon görüntüləri də vardır. Məqsədi nömrəni gizlətmək olmamış, sadəcə toy tədbiri üçün avtomobilin bu formada bəzədildiyini qeyd etmişdir. Bu səbəbdən qanunamüvafiq qərar qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Quba RPŞ-nə lazımı qaydada məlumat verilsə də, Quba RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə işə Quba RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, təqdim edilmiş sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin prinsipləri, xüsusilə də təqsirsizlik prezumpsiyası və ədalətlilik prinsipləri çərçivəsində qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 342.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 3-cü maddəsində təsbit olunduğu kimi, yalnız inzibati xəta tərkibinin bütün elementlərini (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhəti) özündə ehtiva edən və təqsirli sayılan əmələ (hərəkət və ya hərəkətsizliyə) görə yaranır. Təqdim edilmiş iş materiallarının təhlili göstərir ki, Şəxs əməlində inzibati xətanın həm obyektiv, həm də subyektiv cəhətləri mövcud deyildir. Sözügedən normanın hüquqi mahiyyəti ondan ibarətdir ki, dövlət qeydiyyat nişanının əsas funksiyası olan nəqliyyat vasitəsinin maneəsiz eyniləşdirilməsi təmin edilsin. "Görünüşü çətinləşdirmək" ifadəsi, nişanın üzərindəki rəqəm və hərflərin oxunmasını əhəmiyyətli dərəcədə məhdudlaşdıran, onun vizual və ya xüsusi texniki vasitələrlə (məsələn, radarlar, kameralar) tanınmasını mümkünsüz edən və ya çətinləşdirən bir müdaxiləni nəzərdə tutur. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş DVD diskdə olan məlumatlar tədqiq edilmişdir. Həmin görüntülərdən aydın olur ki, “TOYOTA LC 200” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsi toy mərasimi üçün bəzədilmiş və bu zaman istifadə olunan yüngül, şəffaf tül örtüyün bir hissəsi dövlət qeydiyyat nişanının üzərinə düşmüşdür. Lakin, tülün şəffaf strukturu və nişanı tamamilə örtməməsi səbəbindən nömrə nişanının rəqəm və hərfləri adi gözlə baxış zamanı oxunaqlı qalmış, onun eyniləşdirilməsi üçün hər hansı ciddi bir maneə yaranmamışdır. Bu halda, məhkəmə hesab edir ki, tülün nişanın üzərinə qismən düşməsi İXM-nin 342.9-cu maddəsinin dispozisiyasında nəzərdə tutulan əməlin obyektiv tərkibini yaratmır. İnzibati məsuliyyətin yaranması üçün əməlin obyektiv tərkibi ilə yanaşı, şəxsin təqsirinin, yəni qəsd və ya ehtiyatsızlığın olması da mütləq şərtdir. İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan əməllər, xüsusilə də nişanın görünüşünün çətinləşdirilməsi, bir qayda olaraq, birbaşa qəsdlə törədilir. Yəni, şəxs öz hərəkətinin ictimai təhlükəliliyini dərk etməli, nişanı məhz gizlətmək, tanınmaz hala salmaq məqsədilə örtməli və bu nəticənin yaranmasını arzulamalıdır. Şəxs məhkəmədəki izahatı, eləcə də işin ümumi konteksti (toy mərasimi üçün avtomobilin bəzədilməsi) onun hərəkətlərində dövlət qeydiyyat nişanını gizlətmək kimi bir niyyətin olmadığını göstərir. Onun əsas məqsədi və niyyəti el arasında təşəkkül tapmış adətə uyğun olaraq avtomobili bəzəmək olmuşdur. Bu halda şəxsin hərəkətində təqsir elemetidə mövcud deyildir. Məhkəmə hesab edir ki, tətbiq edilən vasitə nömrənin görünüşünü faktiki olaraq çətinləşdirmədiyindən və ya nömrənin üstünü bağlamadığından, maddənin məzmununa əsasən “görünüşü çətinləşdirən” meyar da əsas olduğu üçün, bu halda sözügedən maddəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əleyhinə geniş təfsir etmək olmaz. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Mövcud işdə, Şəxs nişanı gizlətmək məqsədinin olub-olmaması ilə bağlı istənilən şübhə onun xeyrinə yozulmalıdır. Yuxarıda göstərilənlərin məcmusu əsasında məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən, İXM-nin 53.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməllərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-746/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-746/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver