Məhkəmə qərarları › İş №3(027)-751/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-751/2025

03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-751/2025 03.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 27215729 saylı qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 27215729 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində və istifadəsində ** KT *** dövlət qeydiyyat nişanlı QAZ 3110 markalı avtomobil vardır. 2025-ci ilin iyul ayının əvvəllərində DYP əməkdaşları onun idarə etdiyi avtomobilin hərəkətini dayandıraraq şikayətində qeyd etdiyi xx.xx.2025-ci il tarixli qərar statuslu protokol əsasında cərimə olunduğunu və inzibati tənbeh cərimə növündə tənbeh cəzası ilə cəzalandırıldığını bildirdilər, o, yol polisi əməkdaşlarına bildirmiş ki, qeyd edilən protokoldan onun xəbəri yoxdur və ona SMS vasitəsi ilə qeyd edilən inzibati hüquq pozuntusunun mövcudluğu barəsində məlumat verilməyib. O, DİN BDYPİ Xaçmaz RQİTBŞ-nin portalına daxil olub barəmdə tərtib edilmiş protokola dair məlumatları əldə etdim və qeyd edilən qərar statuslu protokol ilə razılaşmır, qeyd edilən qərar statuslu protokol əsasında tətbiq edilmiş cəza ləğv edilməlidir. O, qeyd etmək istəyir ki, xx.xx.2025-ci il tarixli qərar statuslu protokol ona SMS vasitəsi ilə göndərilməyib və qərarların mövcudluğu haqqında məlumatı şikayətdə qeyd etdiyi qaydada əldə etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN BDYPİ-yə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə DYPB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin olunmalı və inzibati iş yenidən araşdırılması üçün göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 27215729 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X3 inzibati tənbeh vermə haqqında elektron qərarın qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində onun elektron kabinetinə yerləşdirilmədiyini əsas gətirməklə yuxarıda göstərilən qərarın ləğvi tələbini irəli sürür. Belə ki, inzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə tərəfindən şikayətçinin “Asan pay” də mövcud olan şəxsi kabinetindən çıxarışa baxış keçrilməsi zamanı həqiqətən də inzibati təhbeh barədə qərarın elektron kabinetində mövcudluğu müəyyən edilməmişdir. Əlavə olaraq məhkəməyə təqdim edilmiş “Asan ödəniş” sistemindən çıxarışda qeyd edilmişdir ki, V.Ağamuradovun 04 sentyabr 2025-ci il tarixinə qüvvədə olan (icra olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr mövcud olduğundan AR DİN BDYPB-nin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 27215729 saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün AR DİN BDYPİ-yə göndərilməlidir. AR İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 27215729 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün AR DİN BDYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar