Məhkəmə qərarları › İş №3(027)-760/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-760/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-760/2025 11.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba RŞ-nin İTB-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, evli, Quba rayonu, Şuduq kəndi ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Quba rayonu, Şuduq kəndində küçədə ünvansız nalayiq söyüşlər söymüşdür. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Quba rayonu, Şuduq kəndində polisin qanuni tələblərinə tabesizlik nümayiş etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Quba rayonu, Şuduq kəndində küçədə ünvansız nalayiq söyüşlər söyərək, polisin qanuni tələblərinə tabesizlik nümayiş etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Şahdağ Milli Parkında meşəbəyi olaraq işləyir. Tanışları meşə ərazisindən odun yığmaq üçün ondan icazə almışlar. xx.xx.2025-ci il tarixdə tanışları meşə ərazisində odun yığarkən polis əməkdaşları onları saxlamışdır. Bu zaman həmin şəxslər ona bu barədə məlumat vermişlər. O, əraziyə gəlmiş və polis əməkdaşlarına meşə ərazisinin meşəbəyisi olduğunu və odun yığmaq icazəsini verdiyini bildirmişdir. Lakin, özünü polis əməkdaşı kimi təqdim edən sonradan polis əməkdaşı olmadığını bildiyi Elmar adlı şəxs onunla kobud rəftar edərək əlindən telefonunu almış və şöbəyə getməli olduğunu bildirmişdir. O, hazırda iş saatı olduğundan işdən çıxa bilmədiyini işdən sonra şöbəyə gələ biləcəyini bildirən zaman polis əməkdaşları onu zor tətbiq etməklə maşına mindirmişlər. Həmin zaman o maşına minməməyə çalışmışdır. O, ailəsinə telefonla xəbər vermək istəsə də, polis əməkdaşları icazə verməmişlər. Həmin zaman heç bir söyüş söyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs onun mühafizəsi daxilində olan meşə ərazisindən odun yığmaq üçün icazə almış və həmin ərazidə odun yığmağa başlamışlar. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Məsələ ilə bağlı Ərəstuna məlumat vermişlər. Ərəstun həmin əraziyə yaxınlaşan zaman polis əməkdaşı kimi özünü tanıdan Elmar adlı şəxs Ərəstunla kobud rəftar edərək onun əlindən telefonunu almışdır. Onu polis şöbəsinə aparmaq istəyən zaman Ərəstun iş saatı olduğu üçün gələ bilmədiyini demişdir. Bu zaman polis əməkdaşları ona zor tətbiq edərək məcbur maşına mindirmişlər. Polis əməkdaşlarından ailəsinə məlumat verməsi üçün telefonunu istəsə də, ona telefonunu verməmişlər. Həmin zaman Ərəstun maşına minməmək üçün cəhd etmişdir. Lakin, heç bir söyüş söyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X1 Elmar Şahlar oğlu ilə eyni məzmunlu ifadələr verərək, onun dedilərini bir daha təsdiq etmişlər. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilsə də, həmin Məcəllənin 510-cu maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, ictimai qaydanı pozan hərəkətlərə görə məsuliyyət müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2004-cü il 23 mart tarixli Qərarının 2-ci bəndinə əsasən ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İnzibati xəta haqqında protokolda və iş materiallarında olan digər sənədlərdə Şəxs xırda xuliqanlıq etməsi faktını təsdiq edən mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Polis şöbəsinə dəvətlə və saxlanması ilə bağlı etiraz isə, xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən inzibati xəta kimi əməlin obyektini ictimai qayda təşkil edir və AR Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında qeyd olunmuşdur ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirliliyi sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, hazırki əməllər yalnız İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan - polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilən Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi və səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən şəxsin məsuliyyətini ağırlaşdıran hal nəzərdə tutulmamıdır. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və İXM-nin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla 150 manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalında azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar