Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-767/2024 20.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, Protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Quba rayonu, İspik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,Fin:xxxxxxx,orta təhsilli, evli, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə, Quba rayonu, İspik kəndində həmkəndlisi X4 yumruq və təpiklə döymüşdür. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:10 radələrində Quba RPŞ-nin İTB-nin inzibati binasında söyüşlər söymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X6 izahatında bildirmişdir ki, Quba rayonu, İspik kəndində yaşayan X1 RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Quba rayonu İspik kəndində həmkəndlisi Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Araşdırma zamanı xx.xx.2024-cü il tarixdə, saat 11:10 radələrində PŞ-nin inzibati binasında xidməti otağında Şəxs qəbul edilərkən, o söyüşlər söyməyə başlamış, ona bu hərəkətlərinə son qoyulması xəbərdarlıq edilməsinə baxmayaraq, o öz hərəkətlərinə davam edərək söyüşlər söymüşdür. Protokol təhqiqatçının qərarına əsasən tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Quba rayonu İspik kəndində siqaret almaq üçün dükana gedən zaman həmkəndlisi Haşimlə salamlaşmış, siqaret alıb dükandan çıxandan sonra Haşimə yaxınlaşıb odun hazır olduğunu bildirmişdir. Haşim də bildirib ki, 15 manat yox 20 manata odunu satır. O da “kimə istəyirsən sat” deyib getdikdə, aralarında mübahisə yaranmış, bu zaman ona yaxınlaşıb itələmişdir. Üstünə gələndə yaxasından tutub yerə çırpmışdır. Mübahisə zamanı ola bilər ki, yerə yıxılan zaman daşa dəyib, əsəbi olduğu üçün dəqiq yadında deyil. Aralarında olan mübahisə 5 dəqiqə davam etmişdir. Ondan sonra ordan uzaqlaşıb evə getmişdir.İfadəsinin sonunda əməlindən peşman olduğunu və mümkün yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Quba rayonu İspik kəndində siqaret almaq üçün dükana gedən zaman həmkəndlisi Elşən ilə qarşılaşmış. Fəhlə kimi onun üçün işlədiyinə görə ondan 20 manat pulunu istədikdə, aralarında mübahisə yaranmış, bu zaman Elşən ona yumruq və təpiklə vurmağa başlamış, arlarında olan münaqişə 5-10 dəqiqə davam etmişdir. O, sonra evə çıxıb getmişdir. Hazırda şikayətçidir və mümkün sərt cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 avqust 2024-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 avqust 2024-cü il tarixli qərarından görünür ki, MTE -nın 27 iyul 2024-cü il tarixli 627 nömrəli, ekspert rəyinə əsasən, X3 bədəni üzərində aşkar olunan xəsarətlər - sol gözün altında və döş qəfəsində öndə sağda qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 26 iyul 2024-cü il tarixə uyğun gəlir, bu xəsarət qərardagöstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin 34.2-ci bəndinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərəçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir. Belə ki, o fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki şəxsə ağrı yetirməklə, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı, habelə özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən, lakin ictimai qaydanı pozan hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrində tövsif olunmuşdu və ona həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən ilk dəfə inzibati məsuliyyətə cəlb olunması məsuliyyəti yüngülləşdirən hal kim müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrinin sanksiyasında nəzrədə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 20 sentyabr 2024-cü il, saat 11:15dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd edilən Məcəllənin 34-cü maddəsinin 34.1-ci bəndinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 114-115-ci, 130 və 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 05 (beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Təyin olunmuş tənbehləri tamamilə toplamaq yolu ilə Şəxs qəti olaraq 20 (iyirmi) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 20 sentyabr 2024-cü il, saat 11:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-767/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-767/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver