Məhkəmə qərarları › İş №3(027)-79/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-79/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-79/2025 27.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən Quba rayon Polis Şöbəsinin sahə rəisi X2, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi X5 iştirakı ilə, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535ci maddələri ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN 1688162-342 №li və 1688161-341 №-li protokollar tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokollarda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:35 radələrində Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən “Aynur” restoranının qarşısında X8 ilə ucadan nalayiq söyüşlər söymüş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmədə protokol tərtib etmiş şəxs X3 bildirdi ki, Şəxs barəsində İXM-nin 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolları müdafiə edir, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, xx.xx.2025ci il tarixdə qonaq qismində gəldiyi Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən “Aynur” restoranında və otel otağında onlara yaxşı xidmət göstərilməyib. Bundan narazıçılıq edib. Ona görə də, polis çağırılııb. Heş kəsi söyməyib. Polis əməkdaşlarına etirazını bildirib. İctimai qaydanı pozmamış, polisə müqavimət göstərməmişdir. Hər hansı inzibati xəta törətməmişdir. Ona görə də hazırki inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və protokolu tərtib edən edən şəxsi dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığı üçün hazırki inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2 bəndində qeyd olunur ki, ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davaranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Yuxarıda istinad olunan qanun normalarının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın tərkibinin yaranması üçün onun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməli (obyektiv tərəf) və bu zaman xırda xuliqanlıq niyyəti olmalıdır (subyektiv tərəf). Başqa sözlə, əməldə həmin xətanın tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün ictimai qaydanı pozan hərəkətlərin törədilib-törədilməməsi və ictimai qaydanı pozmaq niyyətinin olub-olmamasının müəyyənləşdirilməsi həlledici şərtlərdir. Bunlar yoxdursa, deməli əməldə xırda xuliqanlığın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin polis işçisi və hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamasına yönəlməsi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Bu maddə üzrə məsuliyyətin yaranması üçün zəruri hallardan biri də polis işçisinin tələblərinin qanuni olması, yəni qanunda nəzərdə tutulmasıdır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən polis əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində o cümlədən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək və hüquqi və fiziki şəxslərin əmlakını hüquqazidd əməllərdən qorumaq vəzifələri daşıyırlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən polis əməkdaşlarının o cümlədən hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayət və ya digər hüquqpozma törətmiş, yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq hüququ vardır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşları o cümlədən inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən şəxsi xüsusi tibb müəssisəsinə gətirmək hüququna malikdirlər. İş materiallarından, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:35 radələrində Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən “Aynur” restoranın qarşısında polis əməkdaşları tərəfindən saxlanılarkən ictimai qaydanı və ictimai asayişi pozmamış, digər hüquqpozmalara yol verməmiş, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yaratmamış, həmçinin ictimai yerdə müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən vəziyyətdə olmamışdır. İşdəki sübutlarla onun həmin vaxt, yəni xx.xx.2025-ci il tarixdə, saat 22:35 radələrində qeyri-qanuni hərəkətlərə yol verməsi, həmçinin polis əməkdaşlarının ona hansı qanuni tələblər irəli sürməsi və Şəxs hansı hərəkətləri ilə onların bu qanuni tələblərinə qəsdən tabe olmaması, bu qəsdin nədə ifadə olunması müəyyən olunmamışdır. İş materialları ilə Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:35 radələrində cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması və bu hərəkətlərin xırda xuliqanlıq niyyəti ilə törədilməsi və Şəxs hərəkətlərinin polisin qanuni tələblərinə tabe olmamasına yönəlməsi (inzibati xətanın obyektiv tərəfi) və bunu qəsdən etməsi, yəni özünün əməlinin hüquqazidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi (inzibati xətanın subyektiv tərəfi) sübuta yetirilmir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs də bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta hıqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətaların tərkibi olmadığı üçün xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Əməlində inzibati xətaların tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Quba Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar