Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-791/2025 03.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, X1 iştirakı ilə X2 DİN BDYPİ-nin 09 iyul 2025-ci il tarixli, EQ 29124693 saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 məhkəməyə şikayət ərizəsilə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında 09 iyul 2025-ci il tarixli, EQ 29124693 saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, Quba rayonu Bağbanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. ünvan 2ət mərkəzində sürücülük vəsiqəsini yoxlayan zaman ona məlum olmuşdur ki, barəsində 05 ədəd qərarla cərimə yazılmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə Quba Rayon Polis şöbəsinin DYPB-nə müraciət edərək həmin qərarları əldə etmişdir. Barəsində tərtib edilmiş həmin qərarlarla razı deyil. Belə ki, “X5” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında o, idarə edir. 09 iyul 2025-ci il tarixli, EQ 29124693 nömrəli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərara əsasən 400 manat məbləğində cərimə edilmişdir. Barəsində qəbul edilmiş qərar əsassız və qanunsuz olduğundan hesab edir ki, ləğv olunmalıdır. Məhkəmə iclasında X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilmiş orqana məlumat verilsə də, DİN BDYPİ nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməli və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar ləğv edilməlidir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında 09 iyul 2025-ci il tarixli, EQ 29124693 saylı inzibati xəta haqqında qərara əsasən 400 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 15 iyul 2025-ci il tarixdə X5” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nişanlarının tələblərinə riayət edilməməsi ilə törədilən inzibati xəta üzrə 400 manat cərimə edilməsi İXM-nin 6.1-ci maddəsinin tələblərini pozmaqla əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qeyd edir ki, yol nişanlarının tələblərinə riayət etməməsilə bağlı inzibati xəta üzrə sübut kimi müəyyən olunan xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar nəqliyyat vasitəsinin sürücüsünün kim olması və inzibati xətanın hansı şəxs tərəfindən törədildiyini əks etdirir. Səlahiyyətli orqan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmaqla inzibati xətanı törədən şəxsin müəyyən edilməsi mümükünlüyü üzrə nəticəyə gəlinə biləcəyindən, şikayət icraata xitam verilməsi hissəsində təmin edilməməli, beləliklə də, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nın 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə həmçinin qeyd edir ki, 09 iyul 2025-ci il tarixdə törədilən inzibati xəta yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi ilə bağlı olduğundan, həmin inzibati xətanı, yəni İXM-nin 327.1-ci maddəsilə (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə) müəyyən olunmuş inzibati xətanı törədən şəxs şikayətçinin əsaslandığı hallar tədqiq olunmaqla müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında DİN BDYPİ-nin 09 iyul 2025-ci il tarixli, EQ 29124693 saylı qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-791/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-791/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver