Məhkəmə qərarları › İş №3(027)-8/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-8/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-8/2025 09.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin DYPB tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 şikayət ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati qərarı ləğv edib, barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində saat 12:02 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-EF-*** dövlət nəqliyyat nişanlı avtomobil ilə Qusar yolu ilə hərəkət edərkən Yol Patrul Xidməti İnspektoru Polis X1 qarşıda saxlamağını tələb etmişdi. Saxlamağının səbəbini soruşduqda, Qırmızı Qəsəbə yolu istiqamətində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozulmasına görə İXP-nin 327.2-ci maddəsinə əsasən 100.00 manat məbləğində 3 bal cərimə olunacağını bildirmişdi. O görüntü tələb etmiş və ona yol ayırıcında ümumiyyətlə 3.20 nişanının olmadığını bildirmişdir. Polis X1 öz qərarından əmin olmadığını görüb və cərimə etdikləri yerə onları dəvət etmiş və o yol ayrıcında 3.20 nişanını olmadığını birgə şahidi olmuşdur. Sonra isə SMS Radar tətbiqi vasitəsilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə İXP-nin 327.2-ci maddəsinə əsasən 100.00 manat məbləğində və 3 bal cərimə olunmağı barədə SMS daxil olmuşdur. O hər bir zaman yol hərəkəti qaydalarına riayət edən sürücüdür, həmin hadisə zamanı həmçinin qayda pozmaya yol verməmişdir. Belə ki, əks istiqamətli hərəkət zolağına çıxma sadəcə yola çəkilmiş 1.1, 1.3 və 1.11 üfüqi nişanlanmanın üzərindən keçməklə müəyyən edilə bilər, halbuki yolun həmin hissəsində yol üzərində heç bir işarələnmə yoxdur və sual yaranır ki, protokol tərtib edilərkən əks hərəkət istiqaməti zolağının hüdudlarını polis məmurları nəyə əsasən müəyyən edib? Bildirir ki, hərəkətdə olarkən yolun həmin hissəsində heç bir ötmə əməliyyatı etməmişdir, əks istiqamətli hərəkət zolağına çıxmamışdır və barəsində tərtib edilən inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Yuxarıda göstərilənlərə əsaslanaraq həmin protokol və protokol əsasında qəbul edilən qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən X4 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdi. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan inzibati xəta haqqında Quba RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarına əsasən, X4 xx.xx.2024-cü il tarixində saat 12:02 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-EF-*** dövlət nəqliyyat nişanlı avtomobil ilə Qusar yolu ilə hərəkət edərkən, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. X4 şikayətini 3.20 – Ötmək qadağandır yol nişanının təsir sahəsindən kənarda ötmə əməliyyatı etdiyini, yolun həmin hissəsində yol üzərində heç bir işarələnmənin əks olunmaması və əks istiqamətli hərəkət zolağına çıxmanın yola çəkilmiş 1.1, 1.3 və 1.11 üfüqi nişanlanmanın üzərindən keçməklə müəyyən edilə bilməsi ilə əsaslandırsa da, təqdim olunmuş inzibati xəta haqqında elektron qərara əlavə edilmiş görüntüdə 3.20 – ötmək qadağandır yol nişanının qüvvəsi olan ərazidə “Hyundai Elantra” markalı **-EF-*** dövlət nəqliyyat nişanlı avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı icra etdiyi müəyyən olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 5.5-ci bəndinə əsasən yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qadağandır. Məhkəmə iclasında X4 daha sonra ötməni həmin yolda yolayrıcı olduğundan, 3.20 nişanının qüvvəsini itirməsi ilə əsaslandırsa da, görüntüdə yola bitişik ərazilərdən yola çıxış yerləri və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə müəyyən olmaqla yolayrıcı olması müəyyən olunmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin Qanunun 64-cü maddəsinin 6-cı bəndinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı faktiki əsaslar olmaqla qanunvericiliklə müəyyən olunmuş prosessual hüquqi tənzimləməyə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X2 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası DİN Quba RPŞ-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar