Məhkəmə qərarları › İş №3(027)-80/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-80/2022

27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-80/2022 27.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Protokolu tərtib edən Quba rayon Polis Şöbəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Quba rayonu Rustov kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 05.10.2021 il tarixdə, saat 00:20 radələrində Quba rayonu, Rustov kəndində yerləşən “Sərt döngə” kafesində qanunsuz olaraq psixotrop maddə istehlak etmişdir. Fakt üzrə Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 27 yanvar 2022-ci il tarixli, MN 1186390-146 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Quba rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib edən şəxs X3 bildirdi ki, Şəxs 05.10.2021 il tarixdə, saat 00:20 radələrində Quba rayonu, Rustov kəndində yerləşən “Sərt döngə” kafesində qanunsuz olaraq narkotik vasitə olan marixuana istehlak etmişdir. Quba RPŞ-nin müstəntiqi Əli Abidlinin 11 dekabr 2022-ci il tarixli qərarı əsasında Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərdiklərini nəzərə alaraq onun barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. Həmin kənddə yerləşən “Sərt Döngə” adlanan kafeni işlədir. 03 oktyabr 2021-ci il tarixdə, saat 23:50 radələrində işlətdiyi kafedə həmkəndliləri Telman, Nemət və Seymur adlı şəxslər oturub çay sifariş vermişlər. O, onlara çay verdikdən sonra bir daha onların olduqları otağa qayıtmamışdır. Həmin vaxt polis əməkdşaları kafeyə gəlmiş, onların oturduqları otağa daxil olub çıxdıqdan sonra onların otaqda narkotik vasitə qəbul etdiklərini bildirmişlər. Həmin vaxt o, onların oturduqları otaqda olmamışdır. Həmin vaxtdan təxminən on gün qabaq ağrıları olduğu üçün marixuana qəbul etmişdir. Hazırda əməlindən peşmandır, açıq ürək əməliyyatı keçirmiş, ürəyinin aortal klapanı protezləşdirilmiş, bunların nəzərə alınmasını və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. İş materiallarında olan “Məhkəmə-tibbi ekspertiza və X4” Publik Hüquqi şəxsin 18 oktyabr 2021-ci il tarixli 3291B/K №li Ekspert Rəyindən görünür ki, Şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını və açıq ürək əməliyyatı zamanı aortal klapanın protezləşdirilməsini (xəstəlik tarixçəsi iş materiallarına əlavə edilmişdir) inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar