Məhkəmə qərarları › İş №3(027)-802/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-802/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-802/2025 08.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə X2 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ DYPB–nin Azərbaycan Respublikası İXM-nin 329.1, 327.2 və 333.1-ci maddələri ilə tərtib edilmiş qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X4 məhkəməyə müraciət edərək, barəsində Quba rayon YPX-nin baş inspektrou. polis leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli və TP ******* saylı qərarının ləğv edilib, tətbiq edilmiş 400 manat miqdarından cərimə tənbehinin silinməsi və barəsində olan Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15 avqust 2025-ci il tarixdə, saat 08:45 radələrində idarə etdiyi DAEWOO NEXİA markalı, **-MC-*** d.q.n. avtomobil ilə Quba rayonu, Asan Xidmət mərkəzinin yaxınlığından Bakıdan Qubaya gedən istiqamətdə hərəkətdə olan zaman heç bir əsas olmadan Quba rayon YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman özünü Fəqan Əzizov kimi təqdim edən YPX-nin əməkdaşı, təhlükəsizlik kəmərindən istifadə etmədiyinə dair irad bildirəndə o, buna etiraz edərək, kəmərdən istifadə etdiyini göstərmişdir. Bundan sonra ona yolayrıcında hansısa avotombilə yol vermədiyini bildirmişdir. Halbuki bele bir hadisə olmamışdır. Bundan sonra onu öz avtomobilinə dəvət edərək, alkotesterden keçməyini tələb etmişdir. O, isə alkotesterin müştüyünün yenilənməsini tələb etdikdə, başqa müştük olmadığını bildirdi. Bundan sonra israrla ondan alkoqol qoxusu gəldiyini, onun da sərxoş vəziyyətdə avtomobil idarə etdiyini bildirib, məcburi qaydada avtomobilini dayanacağa yerləşdirilməsini tələb etmişdir. O, isə alkoqoldan istifadə etmədiyini, həmin vaxt tam ayıq olduğunu, müayinə olunmağını tələb etmişdir. Lakin, bu zaman inspektor (Fəqan Əzizov) YPX xidməti avtomobilində, modelini və son sertifıkasiya tarixini bildirmədən alkotester vasitəsi ilə alkoqol müayinəsindən keçməyini tələb etmişdir. O da, öz növbəsində inspektorun bu tələbinə razılıq verib, saat 08:52 radələrində alkotesteri üfləmişdir. Bu zaman alkotesterdə o, faiz göstəricisini görə bilməmişdir. O, bu nəticə ilə razı olmadığını bildirib təkrarən test olunmağı tələb etsə də, inspektor, kobud şəkildə bu tələbini rədd etmişdir. O, israrla həkim müayinəsi tələb etməyinə baxmayaraq, buna məhəl qoyulmadan barəsində Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. O, protokol ilə tanış olmaq, iradını bildirmək hüququ olduğunu inspektora bildirsə də, bu hüququndan məhrum edilmişdir. Avtomobili əlindən alındığı üçün o, Quba rayon MX-na müraciət etmişdir. Xəstəxanada isə alkoqol testinin keçirilməsinə texniki imkanlarının olmadığını bildirdilər. Bundan sonra o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yaxınlaşıb, həkim müayinəsindən keçməyi xahiş etmiş və xəstəxanada aparılan müayinə zamanı onun xarici görünüşünün normal, davranışının, şüur vəziyyətinin və nitq qabiliyyətinin normal olduğu, ağızdan alkoqolun iyinin gəlmədiyi müəyyən edilmiş, nəfəs verilən havanı müayinə edən cihaz vasitəsi ilə alkoqolun promili 0.00% aşkar edildiyindən, qandan analiz götürülməsinə ehtiyac duyulmamış və barədə xx.xx.2025-ci il tarixli 34 saylı akt tərtib edilmişdir. Bundan əlavə protokolda və qərarda GPS vasitəsi ilə qeyd edilən Quba rayonu, Ə.Vahid küçəsində olmamışdır, YPX-nin əməlkdaşları onu Quba rayonu, Heydər Əliyev prospektində yerləşən Asan Xidmət Mərkəzinin qabağında saxlamışlar. Məhkəmə iclasında şikayət verən X4 ərizənin məzmununa uyğun izahat vermiş və həmin vaxt hər hansı bir qayda pozuntuna yol vermədiyi üçün qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Quba RPŞ-nin YPXyə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında 20 avqust 2025-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X1 olmadığı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli xüsusi texniki vasitə ilə alkoqolun miqdarını müəyyən edən yoxlanma nəticəsindən göründüyü kimi, X2 müayinəsi zamanı alkoqolun miqdarı 0.411% müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə bununla bağlı qeyd edir ki, AR İXM-nin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır, habelə 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü bəndində əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması və yaxud narotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin Həmin qərarın İİİ hissəsinə yəni Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması qaydalarının 3.3-cü bəndinə əsasən Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Həmin qərarın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Qeyd edilməlidir ki, Fərrux Dadaşov məhkəməyə təqdim etdiyi şikayətdə içki qəbul etmədiyini, alkotesterdə olan göstərici ilə razı olmadığını, həkim müayinəsi tələb etdiyi halda buna etiraz edildiyini qeyd etsə də, məhkəməyə təqdim edilmiş video görüntülərə nəzər yetirilməsi zamanı məlum olur ki, şəxs dünənki tarixə spirtli içki içdiyini etiraf etməklə, nəfəsvermə ilə alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılmasına etiraz etmir, xüsusi texniki vasitənin nəticəsinə dair isə hər hansı bir etirazı olduğunu bildirmir, eyni zamanda tibbi müayinə olunmasını da tələb etmir. Sözügedən şəxsin iddia etdiyi yalnız içkinin dünən qəbul edilməsi faktı olur. Məhkəmə isə qeyd edir ki, şəxsin nə vaxt içməsindən asılı olmayaraq sərxoş olması faktı müəyyən edildiyi təqdirdə, qeyd edilən hal onun inzibati məsuliyyətə cəlb edilməsini istisna etmir. Şikayətçi şikayətində alkotesterin işlənmiş olduğunu və bununla bağlı başlığın dəyişdirilməsini tələb etdiyini qeyd etsə də, məhkəməyə təqdim edilmiş görüntülərdə şikayətdə qeyd olunmuş faktlar öz təsdiqini tapmamışdır. Məhkəmə əlavə olaraq bildirir ki, F.Dadaşovun tərəfindən məhkəməyə təqdim edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 15 avqust 2025-ci il tarixli aktda şəxsin sərxoş olmadığı müəyyən edilsə də, qeyd edilməlidir ki, həmin akt 15 avqust 2025-ci il tarixdə saat 12:35-də, inzibati xəta haqqında protokol isə 09:05-də tərtib edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarda öz əksini tapmış AR İXM-in 329.1 və 327.2ci maddələrinə münasibətdə isə məhkəmə bildirir ki, AR İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 329.1-ci , 327.2, 333-1.1-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X2 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 327.2 və 333.1 maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh barədə qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar