Məhkəmə qərarları › İş №3(027)-81/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-81/2022

27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-81/2022 27.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi Protokol tərtib etmiş şəxs X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 02 yanvar 1973-cü ildə Quba rayonunda anadan olmuş, ailəli, orta təhsilli, işsiz, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi ev 14 A, mənzil 42 ünvanında qeydiyyatda olan Şəxs haqqında Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: MN 118632 nömrəli 27 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs 05.10.2021-ci il tarixdə saat 00:20 radələrində Quba rayonu Rüstov kəndində yerləşən “Sərt döngə” kafesində qanunsuz olaraq psixotrop maddə istehlak etmişdir. Məhkəmədə protokolu tərtib etmiş şəxs - Quba RPŞ-nin sahə rəisi X2 göstərdi ki, Şəxs 05.10.2021-ci il tarixdə saat 00:20 radələrində Quba rayonu Rüstov kəndində yerləşən “Sərt döngə” kafesində qanunsuz olaraq psixotrop maddə istehlak etmişdir. Protokolu ********* nömrəli cinayət işi üzrə 11.12.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən tərtib etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, törətdiyi əməldən peşmandır və gələcəkdə belə hərəkətə yol verməyəcək. Əlavə olaraq bildirdi ki, 2019-cu il tarixdə ürəyindən açıq əməliyyat keçirib, beş damarını dəyişiblər. Həm də şəkər xəstəsidir. Gün ərzində yeddi dəfə dərman qəbul edir. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, iş materialında olan ********* nömrəli cinayət işi üzrə Quba RPŞ-nin İB-nin müstəntiqi Ə.Abidlinin 11.12.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarının surətindən görünür ki, Şəxs və digərlərinin barəsində cinayət işinin başlanılması rədd edilmiş və onların barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasınınepikrizinin surətindən görünür ki, Şəxs 20.04.2019-cu il tarixdə Aorta koronar şuntlama x 5-cərrahi əməliyyat olunub. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməldən səmimi peşimançılıq keçirməsini, ürəyindən açıq cərrahi əməliyyat keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halın olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30,40, 43, 48-51,128-130 və 206-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar