Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-817/2025 01.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən Şəxs MMC-nin barəsində tərtib edilmiş N 00100-02387/25 nömrəli 13 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/024819 nömrəli, xx.xx.2025-ci il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC (VÖEN: **********) xx.xx.2025-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********7005 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Çindən gətirilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı, sözügedən malların daşındığı nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2025-ci il tarixdə saat 01:06-da daxil olduğu, lakin həmin yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən mallara dair qısa idxal bəyannaməsinin tərtib edilmədiyi məlum olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə və Şəxs MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmiş və hər hansı vəsatət daxil olmamışdır. Məhkəmə işə icraat iştirakçılarının nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, ŞəxsMMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. İş materiallarından müəyyən olunur ki, AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs MMCnin istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Habelə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından, ŞəxsMMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar nəzərə alınmaqla ŞəxsMMC barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin təmin edilməsi baxımından məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: ŞəxsMMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 1500 (min beş yüz) manat məbləğində cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-817/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-817/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver