Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-827/2022 03.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Quba şəhəri, Dəvədabanı yaşayış massivi ərazisində yerləşən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ DYPB-də Quba rayonu, İnzibati təcrübə üzrə baş inspektor polis mayoru X1 tərəfindən Şəxs MMC barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, hüquqi şəxs, Şəxs MMC “Tayota Camry” minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edən sürücü barəsində, sorğuda olan gecikmələr və yol vərəqəsi ilə bağlı heç bir sənəd təqdim etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Quba Rayon Məhkəməsinin 3(027)-827/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs MMC Azərbaycan Respbulikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinb, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-508/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən verilmiş şikayət qərarın ləğv edilməsi hissəsində təmin edilərək, Şəxs MMC-nin Azərbaycan Respbulikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinməsinə dair Quba Rayon Məhkəməsinin 3(027)-827/2022 nömrəli 22 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş, material yenidən baxılması üçün Quba rayon Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır. Şəxs MMC-nin baş direktoru İlham Ağayev inzibati xəta haqqında prtokola dair etiraz təqdim edərək, 3(027)-827/2022 nömrəli iş üzrə AR DİN Quba Rayon Polis Şöbəsi tərəfindən Şəxs MMC barədə AR İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslndırılmışdır ki, Şəxs MMC (VÖEN: **********) barəsində tərtib edilmiş protokol tamamilə əsassızdır və bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir: Şəxs MMC-yə AR DİN Quba Rayon Polis Şöbəsindən Cəmiyyətin balansında olan “Toyota Camry” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə hər hansı sorğu daxil olmamışdır və Şəxs MMC tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, nə inzibati xəta haqqında protokolda, nə də ilkin qərarda Şəxs MMC-yə hansı sorğunun, hansı vasitə ilə və nə vaxt göndərilməsi və cavablandırılmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Halbuki, istinad olunan AR İXM 347-ci maddəsinin dispozisiyasından da göründüyü kimi, subyektin müvafiq inzibati xətam törətməkdə təqsirli bilinməsi üçün imperativ şərtlər odur ki, səlahiyyətli orqan tərəfindən nəqliyyat vasitəsi barədə sorğu daxil olmalı və bu sorğu 5 gün ərzində subyekt tərəfindən cavablandırılmamalıdır. Bu cür sorğunu səlahiyyətli orqan poçt və ya kuryer vasitəsilə göndərməli, yaxud əlbəəl təqdim etməli və qəbzi xəbərnaməni sənədin surətini tərtib etdiyi inzibati xəta haqqında protokola əlavə etməlidir. Qeyd edildiyi kimi, Cəmiyyətə hər hansı sorğu daxil olmadığından dispozisiyada göstərilən əsas tərkib əlaməti mövcud olmamışdır. Bununla da, inzibati xəta hadissəsi və ya inzibati xəta tərtibi mövcud olmamışdır. Şəxs MMC-nin AR İXM-nin 8-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyası hüququ ciddi şəkildə pozulmuşdur. Belə ki, Cəmiyyət faktiki olaraq təqsiri hər hansı mötəbər sübutla təsdiq edilmədən barəsində inzibati xəta protokolu tərtib edilmişdir. AR DİN Quba RPŞ tərəfindən inzibati xəta haqqında protokol AR İXM 103.1-ci maddəsində nəzərdə tutulmuş müddət tələbi pozulmaqla baxılması üçün məhkəməyə gec göndərilmişdir. Belə ki, qeyd olunan normaya əsasən, inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Lakin iş üzrə qərardan belə müəyyən olunur ki, protokol Quba RPŞ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunsa da, məhkəməyə təqribən 1 ay sonra göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Quba RPŞ-nin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Məhkəmə iş materiallarını araşdıraraq, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, “Tayota Camry” minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edən sürücü barəsində, məlumatların verilməsi üçün Şəxs MMC-yə məktub göndərilmiş, lakin həmin məktubun sonuncunun ünvanına çatdırılması və onun kim tərəfindən qəbul edilməsi barəsində iş materiallarında heç bir sübut yoxdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-827/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-827/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver