Məhkəmə qərarları › İş №3(027)-833/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-833/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-833/2025 11.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi qaydada işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 342.9-cu maddələri ilə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində “Mercedes Benz E320” minik markalı **-XE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 332.1 və 342.9-cu maddələrində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, yol gələrkən YPX-nin əməkdşalarının saxla nişanına əsasən maşını saxlamış, nömrənin üstünün bağlı olduğunu bildirmişlər, həmin gün dostunun toyu olmuş, maşın nömrəsinin üstündə şəffaf tül olmuş, maşın nömrəsi isə görünürdü. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə lazımı qaydada məlumat verilsə də, Quba PPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsilə bağlı hissədə məhkəmənin səlahiyyətinə aid olmadığı üçün baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş fotogörüntüdən aydın olur ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən hala rast gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilməlidir. Belə ki, AR İXM-in 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə baxılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar