Məhkəmə qərarları › İş №3(027)-835/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-835/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-835/2025 01.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə "xxxx" MMC (ünvanı: Quba şəhəri, məhəllə 22 küçəsi) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və Probasiya şöbəsindən daxil olmuş icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsilə xx.xx.2025-ci il tarixdə MN ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan göründüyü kimi, "xxxx" MMC Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-2(119)-117/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və və icra məmurunun digər qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-yə vaxtında məlumat verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqıda iş üzrə icraat aparılan "xxxx" MMCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları tədqiq edərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-2(119)-117/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 11 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cəmi 62629,46 manat məbləğində pul vəsaiti iddiaçı X3 xeyrinə tutulmalıdır. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-2(119)-117/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli bildirişin surətindən göründüyü kimi, borclu X6 icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair xəbərdarlıq edilmişdir. Həmin bildirişi Bəhram Əliyev xx.xx.2025-ci il tarixdə şəxsən imzalayaraq qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətdə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu "xxxx" MMC-yə tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə baxmayaraq "xxxx" MMC icra sənədlərini icra etməmişdir. Məhkəmə hesab edir ki, borclu "xxxx" MMC-nin yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 3000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 3000 (üç min) manat məbləğdə cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar