Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-84/2025 26.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X4 və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci (bundan sonra İXM) maddəsi ilə müəyyən olunmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X1 daxil olmuş inzibati xəta haqqında materiala Quba Rayon Məhkəməsində baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X1 Quba Rayon Məhkəməsinə baxılması üçün "xxxx" MMC-nin İXM-nin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN № ******* saylı 23 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Quba rayonu ərazisindən keçən Qudyalçay çayın yatağından icazə olmadan yerin təkindən istifadə etməklə qum-çınqıl hasilatı aparılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin direktoru X6 izahat verərək direktoru olduğu Şəxs MMC-yə məxsus sənədlərdə, yəni xx.xx.2018-ci il tarixli, 01104 saylı dağ-mədən ayırması aktında müəyyən olunmuş müddətin bitməsindən xəbərsiz olduğunu bildirmiş və bu halların nəzərə alınmasını xəhiş etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndsi X3 protokolu müdafiə edərək, barəsində inzibati xəta aparılan hüquqi şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC barəsində tərtib olunmuş protokol əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Quba rayonu, Talabıqışlaq qum-çınqıl yatağında 2229 m3 həcmində qum-çınqıl xammalının hasilatı aparılması aktlaşdırılmışdır. İş materiallarında olan Quba RİHB-nın xx.xx.2004-cü il tarixli Sərəncamından görünür ki, Şəxs MMC-yə Əliməmmədoba bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 03 saylı qərarı ilə 1.00 ha sahədə karxana yaradılması məqsədilə tikinti-quraşdırma işlərinin aparılmasına icazə verilmiş və qum-çınqıl xammalından ötrü Qudyalçay yatağından 11.00 ha sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 01104 saylı dağ-mədən ayırması aktından görünür ki, Şəxs MMC-yə markşeyder planı üzərində 11.0 ha torpaq sahəsi Qudyalçay qum-çınqıl yatağında qum-çınqıl hasilatı məqsədi ilə 5 il müddətinə istifadəyə verilmişdir. İş materiallarında olan Quba RİHB-nın xx.xx.2005-ci il tarixli Sərəncamından görünür ki, Quba RİHB-nın xx.xx.2004-cü il tarixli, 47 nömrəli sərəncamı ləğv edilmişdir. Azərbaycan Respublikası İXM-in 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 228-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131 və 464-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5000 (beş min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-84/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-84/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver