Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-843/2020 30.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs üzərindən xx xxxx 2020-ci il tarixdə saat 20:00 radələrində Quba rayonunun Qəçrəş kənd yolunun kənarında 1,953 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, təxminən on gün bundan əvvəl Qusar şəhər mərkəzi parkın yaxınlığında adını bilmədiyi küçədə yol kənarında gəzən zaman kağız bükülüyə bükülmüş narkotik maddə sayılan marixuananı həmin yerdən tapmışdır və onu götürərək cibinə qoymuşdur ki, nə vaxtsa istifadə etsin. O, xx xxxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində Quba rayon Qəçrəş kənd yolun kənarında gəzişərkən, Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik vasitənin üzərində saxlamaqda şübhəli olduğunu, həmçinin Quba rayon Vəkillər bürosunun üzvü vəkil Abusalat Şahmirzəyevi dəvət etmişlər. Sonra ona üzərində olan əşyaları təqdim etməyini demişlər. O, da əynində olan qara rəngli şalvarın sol cibində olan “Parlament” markalı siqaret çıxardaraq, qutunun içərisinə baxıldıqda ağ rəngli kağız büklünün içərisində olan bir ədəd doldurulmuş olan kütləni çıxarıb təqdim etmiş, onlarda həmin kağızı açıb içərisinə baxmışlar. Ondan büklünün içində nə olduğunu soruşduqda, o, hər şeyi olduğu kimi etiraf edib, həmin kağız büklüsünün içərisində marixuana olduğunu bildirmişdir. Həmin kağız bükülüdə olan kütlə tərəzidə çəkilmiş və 2.7 qram çəkisi olması aşkar edilmişdir. Bundan sonra həmin kütlə ağ zərfə qoyulub qablaşdırılmış və o, həmin zərfi imzalamışdır. Bundan sonra onu RPŞ-nə gətirmişlər. Orada ona hüquq və vəzifələri izah olunmuş və ona qarşı heç bir fiziki zor və təzyiq göstərilməmişdir. Həmin narkotik vasitəni o, yalnız özü istifadə etmək üçün üzərində saxlamış və narkotik vasitənin üzərində olması barədə heç kimin xəbəri olmamışdır. O, tapdığı narkotik vasitədən istifadə etməmişdir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/377 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şəxs S...” yazısı və imzalar olan kağız paketdəki bir ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 1,953 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan Quba rayon RPŞ-nin TQ-nun təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi 1,953 qram olmuş və bu da cinayət məsuliyyətini yaradan həddən aşağı olduğundan inzibati məsuliyyət yaradır. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmiş, Şəxs üzərindən götürülmüş 1,953 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanması üçün Quba RPŞ-nin Təchizat xidmətinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan Şəxs üzərindən götürülmüş 1,953 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-843/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-843/2020
30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver