Məhkəmə qərarları › İş №3(027)-844/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-844/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-844/2025 11.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə Azərbaycan Respublikası DİN Quba RPŞ-nin xx.xx.2025-ci il tarixli EQ 29956164 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 346.4-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 29956164 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ona məxsus olan “AUDİ Q3” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili «Bİ» və «B» dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Quba şəhər bazarının ortasından keçən T.Əhmədov küçəsində avtomobil ilə hərəkətdə olarkən mobil telefonuna zəng gəldi. O, qəza işıqlarını yandırıb avtomobilini yolun kənarına çəkmiş və mühərriki söndürmədən, maşının salonundan düşməyərək mobil telefonla danışmağa başlamışdır. Təxminən 30-40 saniyə danışdıqdan sonra hərəkətini davam etdirmişdir. Həmin gün axşam saatlarında istifadəsində olan mobil telefona mesaj (bildiriş) gəldi ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 346-4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub və o, 2 cərimə bal və 80 (səksən) manat inzibati cərimə olunmuşdur. Avtomobilin ona göndərildiyi fotolarına baxanda görür ki, nəqliyyat vasitəsi yalnız arxa tərəfdən çəkilib, salonun boş olmasını, salonda kiminsə olmasını təsdiq edəcək hər hansı foto yoxdur. O, avtomobildən düşüb oradan kənarlaşmamış, heç bir hərəkət iştirakçısına maneə yaratmamışdır. Quba RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Müsayeib Abasovun barəsində tərtib etdiyi protokolun əsassız və qanunsuz olduğunu düşündüyündən səhərisi gün Quba RPŞ-dən barəsində çıxarılmış qərarı almağa getmişdir. Qərarı ona təqdim edəndə məlum oldu ki, qərarın ümumiyyətlə qeydiyyat nömrəsi yoxdur (nömrə yerinə xətt çəkilib). Hesab edir ki, bu qərar rəsmi sənəd hesab edilə bilməz. Ona görə də, aşağıda qeyd etdiyi normativ hüquqi aktların tələblərinə əsasən, barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən X2 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-yə məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29956164 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); Məhkəməyə təqdim edilmiş foto görüntülərdə “AUDİ Q3” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durmasının müəyyən edilməsi mümkün olmamış, bununla bağlı məhkəməyə hər hansı bir əlavə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 29956164 nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası AR DİN BDYPİ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 29956164 nömrəli nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilsin. Qərarın vasitəsilə və ya birbaşa Sumqayıt surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar