Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-850/2025 17.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X1 xx.xx.2025-ci il tarixli, EQ 30287927 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN BDYPİ tərəfindən AR İXMnin 346.4-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, EQ 30287927 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 29 avqust 2025-ci il təxminən saat 10:00 radələrində idarə etdiyi “VAZ 2107” markalı **-RX-*** dövlət qeydiyyat nömrəli avtomobili Quba şəhəri 29-cu məhəllə ünvanında yerləşən tanışına məxsus mağaza qarşısında saxlayıb gətirdiyi bir vedrə zoğalı ona vermişdir. Mağazadan çıxıb avtomobilə minmək istədiyi vaxtı, bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb bildirir ki, təxminən 5 dəqiqə əvvəl Quba rayon polis Şöbəsinin DYPB-nin yol patrul xidmətinin yol patrul xidmətinin polis əməkdaşı tərəfindən, saxladığı avtomobilin foto şəklini çəkib çıxıb getmişdir. Bir azdan isə mobil telefonuna EQ 30287927 nömrəli barəsində AR İXM-nin 346.4-ci maddəsinə əsasən protokol (qərar) tərtib edilməsi barədə məlumat daxil olmuşdur. Lakin qərar ona verilməmişdir. xx.xx.2025-ci il tarixində Quba rayon Polis Şöbəsinin DYPB-ə gedərək qərarı əldə etmişdir. Həmin qərarla razılaşmayaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 29 avqust 2025-ci il tarixli EQ 30287927 nömrəli barəsində AR İXM-nin 346.4-ci maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. İXM-nin 126-cı maddəsinə əsasən şikayət verməklə həmin qərarı qanunsuz hesab edərək aşağıdakı əsaslara görə ləğv edilməsini məhkəmədən xahiş edir: Belə ki, o, təxminən 10-11 radələrində idarə etdiyi “VAZ 2107 markalı, avtomobili Quba şəhəri 29-cu məhəllə ünvanında saxlayaraq bir vedrə zoğal meyvəsini tanışına verib, çıxıb getmişdir. Belə ki, EQ 29276961 nömrəli barəsində AR İXM-nin 346.5-ci maddəsinə əsasən tərtib qərar mərkəzi informasiya sistemi [radar] vasitəsilə qeydə alınması bildirilir. Lakin qərar Quba rayon Polis Şöbəsinin DYPB-nin xidməti avtomobilində xidmət keçən yol polisi əməkdaşı tərəfindən qeydə alınmışdır. İnzibati xətanın isə Quba şəhəri, T. Əhmədov küçəsində qeydə alınması göstərilsə də faktiki Quba şəhəri 29-cu məhəllə ünvanda qeydə alınıb ki, bu halda foto şəkildən göründüyü kimi radar vasitəsi ilə deyil, məhz yol patrul xidmətinin avtomobilində olan və yaxud istifadə etdiyi telefon vasitəsi ilə qeydə alınmışdır. Lakin EQ 29276961 nömrəli barəsində AR İXM-nin 346.5-ci maddəsinə əsasən tərtib qərar Mərkəzi informasiya sistemi [radar] vasitəsilə qeydə, saxlama tarixi isə saat 20.03.56 radələrində göstərilməklə saxtalaşdırılmışdır. Həmçinin qərarda qeyd edilən ünvan da saxtalaşdırılmaqla T.Əhmədov küçəsi kimi qeydə alınması göstərilməklə faktiki ünvan Quba şəhəri 29 məhəllə olmuşdur. Həmin ərazidə isə radar yoxdur. İnziafi xəta törədilməsi zamanı qeydə alınan video yazıya baxış keçirildiyi halda barəsində tətib edilən qərarın ünvanı, tarixi və qeydə alınması elektron qaydada qeydə alınmaqla tərtib edildiyi göstərilsə də faktiki Quba rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı tərəfindən qanunsuz və vəzifə səlahiyyətlərdən sui-istifadə etməklə tətrib edilməsi öz təsdiqini tapar. İşə baxılmasının yeri və vaxtı barədə X2 və qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin BDYPİ-ə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 30287927 saylı qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixli qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən 80 (səksən) manat cərimə edilmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən, bu Məcəllənin 346.1 346.2, 346.4– 346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatvericigöstərici, servis, əlavə məlumat (lövhəciklər). Həmin Qanununun 52-ci maddəsinin 1-ci bəndinə əsasən: nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. İş materiallarına əlavə olunmuş inzibati xəta üzrə xüsusi texniki vasitə məlumatından müəyyən olunmuşdur ki, Quba şəhəri, T.Əhmədov küçəsində “VAZ-2107” minik markalı **- RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin ikinci cərgəsində dayanmışdır. Həmçinin, fotoşəkildən nəqliyyat vasitəsinin içərisində sürücü olmadığı aydın görünür. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30287927 saylı qərar faktiki əsaslar olmaqla prosessual tələblərə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 30287927 saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-850/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-850/2025
17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver