Məhkəmə qərarları › İş №3(027)-852/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-852/2020

02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-852/2020 02.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli şakir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 saylı ünvandaqeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs üzərindən xx xxxxxx 2020-ci il tarixdə üzərində və avtomobilində şəxsi axtarış aparılan zaman çəkisi 0,459 qram bitki mənşəli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili X1 tərəfindən Şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, pandemiya ilə əlaqədar olaraq “xxxxxxxxxxx” MMC-nin “X5 1824L” markalı, **-JZ-*** dövlətqeydiyyat nişanlı furqon tipli yük avtomobili ilə tibbi tullantıları daşıyır. xx xxxxxx 2020-ci İl tarixdə də bu məqsədlə Quba rayon xəstəxanasına gəlmişdir. Bir neçə gün bundan əvvəl Şirvan şəhəri ərazisindən kağıza bükülü halda nəşə kimi tanıdığı narkotik vasitə tapmışdır. Həmin nəşəni özü ilə götürüb idarə etdiyi bu maşına qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə Quba rayon xəstəxanasına gəlib çatdıqdan sonra nəşə narkotik vasitəsini üstündəki "Magna" markalı siqaretin bir gilizinin tütününü boşaldıb tütünlə qarışdıraraq qarışığı siqaretin gilizinin tütününü boşaltdığı yerə doldurmuşdur ki, çəksin. Həm də ki, bir az qabaq pivə içmişdir. Xəstəxananın həyətində olarkən əlində tutduğu siqaret qutusunun içində olan nəşə doldurduğu siqaret gilizini xəstəxananın həyətindəki polislər görmüşlər və ona yaxınlaşanda qaçmağa başlamışdır, ayağı səkinin daşına ilişərək üzü üstə yerə yıxılaraq xəsarət almışdır və polislər ona yaxınlaşıb yerdən qaldıraraq polis şöbəsinə gətirmişlər və polis şöbəsində üzərinə, daha sonra xəstəxananın həyətində avtomobilinə baxış keçirərək nəşəni tapıb götürmüşlər. Üstündən və avtomobilindən tütünlə qarışıq şəkildə cəmi 2 qram narkotik vasitə nəşə aşkar olunmuşdur. Əvvəllər də elə olmuşdur ki, arada bir təsadüfən narkotik vasitə nəşə tapıb çəkmişdir. Baş vermiş hadisə ilə bağlı əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin TQ-nun təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs üzərindən aşkar olunmuş 0,459 qram narkotik vasitə olan qurudulmuş marixuana “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş cinayət məsuliyyəti yaradan həddən aşağı olduğundan onun barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmiş, Şəxs üzərindən götürülmüş 1 ədəd zərfdə olan 0,459 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanması üçün Quba RPŞnin Təminat hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 7/537 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində 'Vət Şəxs idarə etdiyi “Mersedes” markalı yük avtomobildən...aşkar olunmuş..." sözləri yazılmış birinci kağız paketdə bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,252 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin kağız paketdə bir ədəd salfet bükülüdə tütün hissəcikləri və təmiz çəkisi 0,207 qram olan bitki hissəcikləri narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş birinci kağız paketdəki bir ədəd kağız bükülüdə və bir ədəd salfet bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində 'Vət. Şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə...” sözləri yazılmış ikinci kağız paketdə bir ədəd siqaretin içərisində tütün hissəcikləri və cüzi miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın hissəcikləri vardır. Həmin hissəciklər cüzi miqdarda olduğu üçün onların çəkisini və eyniliyini müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs barəsində həbs etmənin xx xxxxxxx 2020-ci il tarixdən, saat 17:45-dən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Quba Rayon Polis Şöbəsində saxlanılan xalis çəkisi 0,459 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 17:45-dən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Quba Rayon Polis Şöbəsində saxlanılan xalis çəkisi 0,459 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar