Məhkəmə qərarları › İş №3(027)-861/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-861/2020

09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-861/2020 09.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Quba rayonu, Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Alpan kəndində qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Quba rayonu, Alpan kəndində yolun kənarında narkotik vasitə olan marixuana istifadə etmişdir və saxlamışdır. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı X1 tərəfindən Şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 16-17 radələrində Uzunmeşə kəndinin ərazisindən içməli su götürüb, idarə etdiyi “VAZ-21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşib hərəkətə başlayarkən yol kənarından yerdə kağız bağlama görmüş, avtomaşını saxlayıb enmiş, onu götürüb içərisinə baxarkən, yaşıl rəngli narkotik vasitə olduğunu görmüş və istifadə etməsi üçün onu götürmüşdür. Yenidən hərəkətdə olarkən, yolda xalası oğlu Daşqın Hacıyevi və onun yeznəsi Ramin Məmmədovun “Xazar LX” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomaşında onunla üz-üzə gəldiyini görüb avtomaşını saxlamışdır. Onlarla söhbət etdiyi zaman, kənara çəkilərək istifadə etmək üçün həmin kütləni siqaret kağızına doldurmaq istəmişdir. Həmin vaxt Ramin və Daşqın yemişan yığırdılar. Bu zaman polis əməkdaşları həmin yerə yaxınlaşdığını görüb narkotik vasitə olan marixuananı yerə atmışdır. Həmin vasitədən Daşqın və Ramil istifadə etməmişlər. Onun həmin narkotik vasitədən istifadə etməyə fürsəti olmamışdır. Həmin vasitənin üzərində olmasından Daşqının və Raminin xəbəri olmamışdır. Baş vermiş hadisə ilə bağlı əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin TQ-nun təhqiqatçısı Məhəmməd Gülmalıyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs narkotik vasitəni yerdən tapıb yandırıb çəkmək istəyərkən, polis əməkdaşlarını görüb yerə atmışdır. Ona görə də onun barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmiş, Şəxs üzərindən götürülmüş 1 ədəd zərfdə narkotik vasitə olan qurudulmuş marixuananın hissəcikləri saxlanılması üçün Quba RPŞ-nin Təchizat xidmətinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 7/595 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Quba rayonu, Alpan kəndində yerdən götürülmüş..." sözləri yazılmış zərfdə bir ədəd yarı yanmış vəziyyətdə olan papiros hissəsinin içərisində tütün hissəcikləri və cüzi miqdarda narkotik təbiətli çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın hissəcikləöri vardır. İş materiallarında olan Səhiyyə Nazirliyinin MTE və PAB “Publik hüquqi şəxsi”nin 21 senntyabr 2020-ci il tarixli 2544/K, 2544A/K və 2544B/K saylı ekspert rəylərindən görünür ki, Şəxs, X2 və X3 götürülmüş nümunələrdə metil, etil, propil, butil, amil spirtləri, barbitur5 turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkilərindən alınan və təbii mənşəli narkotik vasitə olan hesab edilən) aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs barəsində həbs etmənin xx xxxxxxx 2020-ci il tarixdən, saat 16:45-dən hesablanmalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Quba Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd zərfdə narkotik vasitə olan qurudulmuş marixuananın hissəcikləri qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 16:45-dən hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd zərfdə narkotik vasitə olan qurudulmuş marixuananın hissəcikləri qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar