Məhkəmə qərarları › İş №3(027)-870/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-870/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-870/2022 16.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı ilə xx.xx.1963-cü ildə Quba rayonu 2-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, Quba rayonu, Pirvahid kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: X6 xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində Quba rayonu, 2-ci Nügədi kəndində birlikdə yaşadıqları evdə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı anası Zərərçəkmiş şəxs yumruq və təpiklə vuraraq, ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə qəsdən fiziki ağrı yetirmiş dir. Ona görə də Quba RPŞ-nin, İTB-nin polis sahə rəisi, polis mayoru, X2 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2022-cı il tarixli inzibati xəta haqqında MN№ 1412624-1335 saylı protokol tərtib olunmuşdur. Məhkəmədə protokol tərtib etmiş şəxs X2 bildirdi ki, X6 İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, anası ilə birlikdə yaşayır. Həmin ev təxminən 3 ildir ki, onun adına sənədləşdirilmişdir. 2022-ci ilin fevral ayından ailə-məişət münasibətləri zəminində anası Milayla aralarında mütəmadi mübahisələri olmuşdur. Anası onu həmin evdən çıxmağını, özünün isə tək yaşamağını istəmişdir. 25 iyun 2022-ci il tarixdə, təxminən saat 18 radələrində bir daha ailə-məişət münasibətləri zəminində mübahisələri olmuşdur. Anası Milay televizorun səsini ən yüksək səviyyəyə qaldırmışdır. Bu səbəbdən onlar mübahisə etmişlər. Lakin mübahisə zamanı o, anasını vurmamışdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, qızı X6 ilə onların 2-3 aydır ki, mübahisələri var. Onlar bir ünvanda yaşayırlar. 25 iyun 2022-ci il tarixdə yaşadığı evdə qızı Aləmzar Abasova ilə aralarında mübahisə yaranmış və qızı, onu yumruq və təpiklə vuraraq döymüşdür. Onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 452 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-sağ və sol bazunun orta 3/1-nin bayır səthində və sol budunaşağı 3/1-nin ön səthində hərəsində bir yerdə qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 27 iyun 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olumayan xəsarətlər növünə aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 iyul 2022-ci il tarixli qərardan görünür ki, X6 barəsində cinayət işinin başlanması rədd edilmiş, X3 barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞnin İTB-nə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X5 inzibati tənbeh tətbiq edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İlk dəfə inzibati xəta törətməsini X3 məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə X3 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını və ədalət prinsipini nəzərə alaraq, hesab edirəm ki, X5 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125- 126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a ra a l d ı m: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar