Məhkəmə qərarları › İş №3(027)-870/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-870/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-870/2025 29.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə X1 Azərbaycan Respublikasının DİN Quba RPŞ YPX-nın 05 sentyabr 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 Azərbaycan Respublikasının DİN Quba RPŞ YPX-nın 05 sentyabr 2025-ci il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025 tarixində özünə məxsus **-ED-*** nömrəli avtomobili ilə Quba şəhəri Heydər Əliyev prospektində hərəkət edərək Məşədi Əzizbəyov küçəsinə dönmə əməliyyatı etmişdir. Bu zaman həmin küçələrin kəsişməsində məhdud görünmə şəraitində dayanmış Quba DYP-nin əməkdaşı olan polis serjantı Fəqan Əzizov ona saxla işarəsi vermişdir. O da, həmin vaxt avtomobilini saxlasaydı yolun hərəkət hissəsində saxlamalı olacaqdı. Buna görə də avtomobilini saxlamaq üçün təhlükəsiz və digər hərəkət iştirakçılarına mane olmamaq üçün münasib yer tapıb 10 metr getdikdən sonra avtomobilini yolun kənarına çəkib saxlamışdır. Bu zaman həmin polis əməkdaşı ona yaxınlaşıb dedi ki, təhlükəsizlik kəmərindən istifadə etməmisən. O da, ona kəmərin taxılı olduğunu göstərmiş və hətta maşında əyləşən sərnişində buna şahidlik etmişdir. Lakin buna baxmayaraq yol polisi ona cərimə yazacağını bildirdi. O da, ona dedim ki, protokol yazsan o, razı olmayacq və məhkəməyə müraciət edəcəkdir. Bundan sonra yol polisi bort kompüter ilə sənədin doğruluğunu təsdiq etdi və YPX avtomobilini sürüb çıxıb getdi. Yol polisinin yanından ayrılıb evə gəldikdən sonra görmüş ki, ona sms ilə cərimə mesajı gəldi. Mesaja baxdıqda görmüş ki, mesajda polisin saxla əmrinə tabe olmamağa görə 100 manat və 4 cərimə balı tərtib olunub. Bu iddia əsassızdır və hadisənin faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, o, yol patrul xidməti əməkdaşının “saxla” işarəsini gördüyüm andan etibarən dərhal sürətini azaltmış və əmrin icrası üçün hazırlıq etmişdir. Lakin hadisənin baş verdiyi ərazidə avtomobili yolun ortasında saxlamaq digər nəqliyyat vasitələri üçün qəza şəraiti yarada bilərdi. Bu səbəbdən o, cəmi bir neçə metr irəliləyərək, yol kənarında tam təhlükəsiz yerdə dayanmışdır. Onun hərəkətlərində polis əməkdaşının qanuni tələbinə qarşı etinasızlıq və ya qəsdən tabesizlik olmamışdır. Əksinə, o, əmri Azərbaycan Respublikasının “Yol- Patrul xidməti haqqında” Qanununun 7.6-cı maddəsinə uyğun olaraq, eyni zamanda yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə icra etmişdir. X4 Haqqında Qanunun 85-ci maddəsinin qeyd hissəsində yazıldığı kimi, əgər YPX əməkdaşı özü patrul avtomobili ilə nəqliyyat vasitəsini təqib edərək sürücünü dayandırırsa, deməli sürücü ona tabe olmuş sayılır və buna görə həmin sürücüyə tabe olmamaq üzrə qərar verilməsi doğru deyil. Ən pis tərəfi isə odur ki, protokol həmin YPX əməkdaşının özü tərəfindən tərtib olunub. O, necə tabe olmamış ki, ona protokolu həmin YPX əməkdaşı yazmışdır. Məhkəmə iclasında X2 ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikasının DİN Quba RPŞ YPX-ya məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 05 sentyabr 2025-ci il tarixli TP ******* saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 327.3-cü maddəsinə əsasən 100 manat cərimə edilmiş, qərar həmin tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 6-cı bəndinə əsasən: konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir. Azərbaycan Respublikası İXM 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırki iş üzrə müvafiq sübutların təqdim edilməsi məqsədilə məhkəmə iclasının bir dəfə təxirə salınmasına baxamayaraq, məhkəməyə şikayətçi X1 AR İXM-in 329.1-ci və 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunan hallar inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından, məhkəmə hesab edir ki, həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Quba RPŞ-nin YPX-nin 05 sentyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Quba RPŞ YPX-nin 05 sentyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-maddəsinə əsasən xitam verilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar