Məhkəmə qərarları › İş №3(027)-871/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-871/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-871/2024 05.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X1 ilə xx.xx.2003-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu Amsar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 30 avqust 2024-cü il tarixdə, saat 17 radələrində Quba-Qonaqkənd yolunda idarə etdiyi “Mersedes-Benz-280” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirərək, “VAZ-2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21214” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2121” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə avtomobillərə maddi ziyan dəymiş və X4 xəsarəti almışdır. Ona görə də Quba RPŞ DYPB-nin polis mayoru X5 tərəfindən Şəxs barəsində 04 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs və Quba RPŞ DYPB-yə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə Şəxs və Quba RPŞ DYPB-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbyacan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ DYPB-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, məhkəmə, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 06 (altı) ay nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 06 (altı) ay nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar