Məhkəmə qərarları › İş №3(027)-880/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-880/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-880/2022 05.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 və onun vəkili X2 iştirakı ilə, X5 AR.DİN-nin Quba RPŞ-nin DYPB-nin rəisi X1 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Quba RPŞ-nin DYP Bölməsinin rəisi X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 342.5-ci maddələri ilə təqsirli bilinərək cərimə olunmuşdur. X3 həmin qərardan məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək AR DİN-nin Quba RPŞnin DYP Bölməsinin rəisi X1 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarını ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X7 bildirdi ki, o, Quba RPŞ-nin DYP Bölməsinin rəisi X4 tərəfindən AR İXM-nin 333.1 və 342.5-ci maddələrilə inzibati qaydada təqsirli bilinərək, barəsində xx.xx.2022-ci il tarixində qərar qəbul edilərək 400 manat cərimə olunmuşdur. O, aşağıda qeyd edəcəyi faktlara, şərh edəcəyi əsaslara görə həmin qərarla razilaşmır və hesab edir ki, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixində axşam saat təxminən 23:40 radələrində Qəçrəş kəndindən Quba istiqamətinə gələrkən Quba RPŞ-nin DYP Bölməsinin əməkdaşları onu avtonəqliyyat vasitəsi idarə edərkən saxlamışdırlar. Elnur adlı polis əməkdaşı ona yaxınlaşaraq sərxoş olub olmadığını şoruşdu, o, isə iki saat əvvəl bir stəkan pivə içdiyini ancaq hazırda sərxoş olmadığını bildirmişdir. Polis əməkdaşları onu həkim müayinəsindən keçərək sərxoşluq vəziyyətini yoxlanılması üçün Quba RMX-nın əvvəllər X6 adlanan ikinci korpusuna apardılar. Artıq xx.xx.2022ci il tarixi təxminən gecə saat 00:10 radələri idi orada həmin vaxtı həkim olmadığından Elnur adlı polis əməkdaşı əlində olan alkotester adlanan xüsusi texniki vasitə ilə onun sərxoşluq vəziyyətini yoxladı, həmin cihaz heçnə göstərmədiyindən Elnur xidməti avtomobilinə gedərək başqa alkotester gətirərək yenidən onun sərxoşluq vəziyyətini yoxladı və yoxlama nəticəsində həmin cıhazdan üç ədəd onun foto şəkli olan qəbzlər çıxdı. Həmin qəbzlərdə onun sərxoşluq vəziyyəti 0.04 promilli idi. O, Elnurdan həmin qəbzlərin birinin ona verilməsini xahiş etsəmdə o, buna etiraz etdi və onun avtomobili Quba RPŞ-nin dayanacağına aparılaraq onun sürücülük vəsiqəsi və digər sənədləri əlindən alındı. Bundan əlavə Elnur adlı polis əməkdaşı həmin xəstəxanada digər polis əməkdaşlarının və başqa şəxslərin yanında onunla kobud rəftar edərək əli və ayağı ilə ona zərbələr vuraraq onu yerə yıxmağa çalışmışdır. O, həmin günün səhəri hüquqlarının müdafiəsi üçün Vəkil Bürosuna gedərək Anar Qurbanovla müqavilə bağlayaraq, ondan xx.xx.2022-ci il tarixindən 12-nə keçən gecə Quba RMX-nin ikinci korpusunda onun texniki vasitələrlə qeydiyyata alınan video görüntülərini sorğu verərək almasını xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin qeyd hissəsinə əsasaən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0.3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Onun isə həmin vaxtı sərxoşluq vəziyyəti 0.04 promilli olduğu halda o, Elnur adlı polis əməkdaşı tərəfindən zorakılığa məruz qalaraq, qanunsuz olaraq avtomobili və ona məxsus sənədlər əlindən alınaraq, 400 manat cərimə edilmişdir. Şikayətinin təmin olunaraq AR DİN-nin Quba RPŞ-nin DYP Bölməsinin rəisi X1 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarını ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X7 xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Həmin Məcəllənin 125.2.3-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, Quba rayonu, Yol Patrul xidməti inspektoru polis baş serjantı X11 tərəfindən X7 barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 342.5-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən Quba RPŞ-nin DYP Bölməsinin rəisi X3 tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilmiş və həmin qərara əsasən 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X7 barəsində AR DİN-nin Quba RPŞ-nin DYP Bölməsinin rəisi X3 tərəfindən verilimiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün DİN-nin BDYPİ-nə göndərilməlidir. Şikayət qalan hissədə təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. X7 barəsində AR DİN-nin Quba RPŞ-nin DYP Bölməsinin rəisi X3 tərəfindən verilimiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar