Məhkəmə qərarları › İş №3(027)-886/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-886/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-886/2021 21.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və yaşayan (X3 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 19 oktyabr 2021-ci il tarixdə Quba rayonunun Rustov kəndi ərazisində üzərində 1,270 qram, avtomobilində 0,784 qram olmaqla, ümumilikdə 2,054 qram qurudulmuş marixuana gəzdirdiyindən saxlanılmışdır. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1 tərəfindən Şəxs barəsində 21 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 19.10.2021-ci il tarixdə saat 11:00-12:00 radələrində Quba şəhəri Asan xidmətin qarşısından bir nəfər tanımadığı şəxsi maşınına müştəri qismində əyləşdirərək Xaçmaz şəhərinə aparmış, yol getdiyi zaman tanımadığı həmin şəxsin siqaretdən istifadə etmək istəyinin olduğunu bildirmiş və ona icazə verdikdən sonra siqaretini çəkdiyini qeyd etmişdir. Daha sonra söhbət əsnasında həmin şəxsin ona narkotik vasitə təklif etdiyini, özünün isə ilk öncə razılaşmadığını, onun yol getdiyi zaman cibindən narkotik vasitəni çıxararaq yandırdığını bildirmişdir. Həmin şəxs bir neçə ona dəfə narkotik vasitədə təklif etsə də qorxduğundan istifadə etmədiyini, lakin bir müddət sonra həmin adını bilmədiyi şəxsin narkotik vasitəni ona verdiyini və istifadə etdiyini, Xaçmaz şəhərinə çatdıqda həmin şəxsdən 2 ədəd bükümdə narkotik vasitəsi olduğunu bildirmiş və ondan həmin narkotiki 20 manat pula aldığını qeyd etmişdir. Şəxs həmin şəxsdən narkotik vasitənin nə olduğunu soruşduqda o, nəşə olduğunu bildirmişdir. O, daha sonra həmin şəxsi Xaçmaz şəhəri mərkəzi dairəsində düşürdükdən sonra geri qayıtmış, qeyd olunan tarixdə saat təxminən 20:15 radələrində yaşadığı evə getdiyi vaxt Rustov kəndi ərazisində yerləşən mağazanın qarşısından geri qayıtdıqda polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onlar onun üzərində narkotik vasitə olduğu barədə məlumat olduğunu bildirərək şübhəli olduğunu və üzərinə baxmalı olduqlarını qeyd etmişdir. Üzərinə baxış zamanı əynində olan qara rəngli gödəkçənin sol cibindən 1 ədəd kağız bükümdə narkotik maddə olan marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra idarə etdiyi “Vaz 21060” markalı avtomaşına baxış zamanı maşının salonunda yerləşən sürətlər qutusunun üzərindən 1 ədəd kağız bükümdə olan səhər radələrində aldığı narkotik vasitəni aşkar edərək götürmüşlər. Bundan sonra polis əməkdaşları Şəxs RPŞ-yə dəvət edərək gətirmiş, polis şöbəsində bu barədə protokol tərtib olunmuş və o, da həmin protokolun doğruluğunu imzalamışdır. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs 19 oktyabr 2021-ci il tarixdə Quba rayonunun Rustov kəndi ərazisində üzərində 1,270 qram, avtomobilində 0,784 qram olmaqla, ümumilikdə 2,054 qram qurudulmuş marixuana gəzdirdiyindən saxlanılmışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmiş, 02 ədəd zərfdə olan 2,054 qram narkotik vasitə sayılan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba RPŞ-nin Təchizat Xidmətinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli, 7/1074 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Quba rayonu Rustov kəndində yol kənarında üzərindən aşkar olunmuş Şəxs...” yazılar və imzalar olan 1 nömrəli zərfdə bir ədəd kağız bükümündə təmiz çəkisi-0,708 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Quba rayonu Rustov kəndində yol kənarında avtomobilindən aşkar olunmuş kütlə...” yazılar və imzalar olan 2 nömrəli zərfdə bir ədəd kağız bükümündə təmiz çəkisi-1,270 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Vətəndaş Şəxs üzərindən və avtomobilindən aşkar olunmuş marixuanaların ümumi çəkisi 2,054 qramdır. İş materiallarından görünür ki, Şəxs İİ qrup əlil olmaqla, eyni zamanda qarabağ qazisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini, İİ qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. O, məhkəmə zalından dərhal azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. O, məhkəmə zalından dərhal azad edilsin. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan Şəxs üzərindən və avtomobilindən aşkar olunmuş 2 ədəd zərfdə ümumi çəkisi 2,054 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar