Məhkəmə qərarları › İş №3(027)-888/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-888/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-888/2024 05.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Quba RPŞ DYPB-nin Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 24200523 nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli EQ 22013339 qərarla inzibati qərarı ləğv edib, barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus olan “Toyota RAV4” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2024-cü il tarixdə saat 12:29-da Quba şəhəri, Fətəlixan küçəsi ilə hərəkətdə olan zaman orada quraşdırılmış “Giriş qadağandır” (3.1) yol nişanının tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən, EQ- 24200523 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, 100 manat və 3 cərimə balı ilə inzibati qaydada tənbeh olunmuşdur. İnzibatı xəta həmin küçədə yerləşən “Ərdəbil” məscidinin qarşısında quraşdırılmış “Təhlükəsiz şəhər*’ kamerası vasitəsilə aşkar olunmuşdur. Qeyd edir ki, idarə etdiyi nəqliyyat vasitəsinin fotosu onun mobil telefonuna protokol (qərar) ilə birlikdə göndərilmişdir. Quba şəhəri ərazisində quraşdırılmış “Təhlükəsiz şəhər” kameraları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmamış, ona görə də “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar qanunsuz çıxarılmış və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənməmişdir. Göründüyü kimi, onun inzibati xətaya yol verməyinin, buna səlahiyyəti olmayan texniki avadanlıq, yəni “Təhlükəsiz şəhər” kamerası ilə qeydə alınmışdır. Ərizəyə əlavə etdiyi foto şəkillərdən də aydın olur ki, idarə etdiyi nəqliyyat vasitəsi çox hündür məsafədən çəkilmişdir. Əgər həmin şəkililər YPX xidməti avtomobilinin üzərində quraşdırılmış «i- patrul» kamerası və ya sırf bu məqsədlər üçün quraşdırılmış digər texniki avadanlıqlar (radar, nömrətanıma) vasitəsilə aşkar olunsaydı, fotonun çəkildiyi rakurs bu qədər hündür ola bilməzdi. Ümumiyyətlə, “Təhlükəsiz şəhər” kameraları vasitəsilə aşkar olunmuş inzibati xəta aidiyyatı qurumun sisteminə inteqrasiya olunmadığından barəsində elektron protokol tərtib etmək və inzibati tənbeh vermək üçün əsas olmuş sübutlar qanunsuz yolla əldə edilmişdir. Ona görə də, aşağıda qeyd etdiyi normativ hüquqi aktların tələblərinə əsasən, barəsində çıxarılmış inzibati tənbeh vemə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən X2 ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, həmin günü vacib işi olduğu üçün tələsdiyindən bu inzibati xətanı törətmiş, buna baxmayaraq, avtomobilin xəta görüntüsü “Təhlükəsiz şəhər” kamerası ilə qeydə alınmış və aidiyyatı qurumun sisteminə inteqrasiya olunmamışdır. İnzibati tənbeh vermək üçün əsas olmuş sübutlar qanunsuz yolla əldə edildiyinə görə qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin DYPB-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan inzibati xəta haqqında elektron çıxarışın surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə “Toyota RAV4” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Fətəlixan küçəsi ilə hərəkətdə olan zaman “Giriş qadağandır” (3.1) yol nişanının tələblərini pozaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 90 manat cərimə edilmişdir. X2 şikayətini işıqforun sarı işığı yandıqda və ya nizamlayıcı əlini qaldırdıqda sürücü stop xəttində dayan bilməyəcəksə, o zaman qəfil tormozlanma olmaması üçün sürücünün yol ayrıcını keçə bilməsi ilə əsaslandırmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). “Yol hərəkəti haqqında” AR Qanununun 64-cü maddəsinə 1-ci bəndinə əsasən, qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Məhkəmə, sübutları obyektiv tədqiq edərək hesab edir ki, xüsusi texniki vasitə ilə əldə olunmuş görüntüdən göründüyü kimi, “Toyota RAV4” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil Quba şəhəri, Fətəlixan küçəsi ilə hərəkətdə olan zaman orada “Giriş qadağandır” (3.1) yol nişanının tələblərini pozaraq, əks istiqamətli hərəkət zolağına çıxmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24200523 seriyalı elektron qərar hüquqi və faktiki əsaslar olmaqla qəbul edilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24200523 saylı elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24200523 elektron qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar