Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-896/2022 29.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs Quba RPŞ-nin İTB-nın sahə rəisi polis leytenantı X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Quba rayonu, Davidoba kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində Quba rayonu, Davidoba kəndində mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs başı və bədəninə yumruqla vuraraq döymüş, ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə qəsdən fiziki ağrı yetirmişdir. Ona görə də Quba RPŞ-nin, İTB-nin polis sahə rəisi, polis leytenantı, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 29 avqust 2022-cı il tarixli inzibati xəta haqqında MN№ 1412806-1408 saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin İTB-nın sahə rəisi polis leytenantı X2 protokolda göstərilənləri təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli billərək, izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində işdən evə gəlmiş, toya getmək üçün evdən pul götürmək istəyəndə Afaqla aralarında mübahisə yaranmış, Afaq kampot bankası ilə onun üstünə gələrkən, bankanı Afaqın əlindən alıb yerə vurmuş, Afaqı isə vurmamışdır. Sonra isə gedib içki içmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs həyat yoldaşıdır. O, müntəzəm içki içir, mütəmadi olaraq onu incidir, sərxoş olub onu döyür. xx.xx.2022-ci il tarixdə, saat təxminən 14 radələrində yaşadıqları evdə həyat yoldaşı onunla mübahisə etmiş, onun başına yumruqla, sonra isə bədəninin müxtəlif yerlərinə yumruqla vuraraq onu döymüşdür. Onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbeh tətbiq edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İlk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olması kimi məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin ər-arvad olaraq bir yerdə yaşamasını, həbslə əlaqədar qərar qəbul olunarsa ailə münasibətlərinin gələcəkdə daha da pisləşməsini və ədalət prinsipini nəzərə alaraq, hesab edirəm ki, Şəxs 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-896/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-896/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver