Məhkəmə qərarları › İş №3(027)-90/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-90/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-90/2025 31.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, İş üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1993-cü ildə Oğuz rayonu, Xalxal kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, subay, fərdi əməklə məşqul olan, Quba rayonu, Aşağı-Atuc kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, e-2(027)-769/2024 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş icra məmuru X2 izahatında bildirmişdir ki, Quba Rayon Məhkəməsinin verilmiş xx.xx.2024-cü il tarixli, e-2(027)-769/2024 saylı icra sənədinə əsasən borclu Şəxs 15889 manat alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixində daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Borcluya rəsmi məlumat verilmişdir. Borclu ilə bağlı icra sənədlərinin icrasını səmərəli təmin edilməsi məqsədilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Məlumat üçün bildirirəm ki, borclu Şəxs bu günə qədər ödəniş etməmişdir. Mobil nömrəsinə zəng olunub, məlumat verilib, gələcəyini bildirib, lakin gəlməyib. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, Qubada qeydiyyatda olsa da Bakıda yaşayır, məhkəmə qətnaməsi barədə məlumatlıdır, lakin maddi durumuna görə icranı tam ödəmək iqtidarında deyil. Avtoyuma məntəqəsində işləyir, aldığı əmək haqqı ilə ödəniş etməyi mümkün deyil. Hal-hazırda banka kredit var, onu ödədkdən sonra 6000 manata qədər kredit götürüb borcunun müəyyən mislinə qədər ödəniş edə bilər. Qeyd olunanlara əsasən barəsində yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs bu günə kimi ona dəyən ziyandan daha əvvək cüzi məbləğ ödəmişdir. O, borcu tələb edir və onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X5 Şəxs vaxt verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsininxx.xx.2024-cü il tarixli, e-2(027)- 769/2024 saylı icra vərəqəsinə əsasən, Şəxs 13750 (on üç min yeddi yüz əlli) manat maddi ziyan, hüquqi yardıma görə ödənilmiş 2000 (iki min) manat və dövlət rüsumu üçün ödənilmiş 139 (yüz otuz doqquz) manat olmaqla, cəmi 15889 (on beş min səkkiz yüz səksən doqquz) manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, icra sənədi xx.xx.2024-cü il tarixində icra məmuru Nürəddin Əmrullayevin icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan olunmuş, qərar icra edilməsi üçün Quba RPŞ-nə göndərilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədləri üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 30 yanvar 2025-ci il, saat 16:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 30 yanvar 2025-ci il, saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsilə bağlı 05 (altı) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar