Məhkəmə qərarları › İş №3(027)-902/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-902/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-902/2024 30.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, İş üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1991-ci ildə Quba rayonu, Qaraçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fin: xxxxxxx, subay, işləməyən, Quba rayonu, Xınalıq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə qəsəbəsi, sahəsi,Ruslan Allahverdiyev küçəsi, ev 117B, bina 3, mənzil 19 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* nömrəli, 30 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxil olmuş MN ******* nömrəli, 30 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)- 448/2020 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir Məhkəmə iclasında protokol tərtib etmiş icra məmuru X2 izahatında bildirmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-448/2020 saylı icra sənədinə əsasən borclu Şəxs 52032.64 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti alınıb Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Borcu ilə bağlı icra sənədlərinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Məlumat üçün bildirir ki, hazırda borclu Şəxs bu vaxta qədər 4689.40 manat ödəniş etmişdir. Halhazırda icra sənədi üzrə borcu 47373.24 manat təşkil edir. Sorğu zamanı borclunun təqdim etdiyi arayışla daha əvvəl yaşadığı yer kimi müəyyən olunmuş mənzildə yaşamadığı aşkar olunmuşdur. Borclu barədə axtarış işi açılmış və xx.xx.2024-cü il saat 18:00 saxlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, borc məbləği həm əmək haqqısından tutulur, həm də müəyyən vaxtlarda ödənişlər edir. Başqa gəlir yeri yoxdur. Əlavə ödəniş etməyə imkanı yoxdur.29 oktyabr 2024-cü il, saat 18:00da saxlanılmaqla gətirilmişdir. Qeyd olunanlara əsasən barəsində yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs ona olan borcunu ödəmək iqtidarındadır. Başqa sahədə işləsə də, rəsmi olaraq tamam başqa sahədə işləməsin barərə rəsmiləşdirmə aparılmışdır. Borclunun maddi vəziyyəti yaxşıdır. Lakin o, borcunu ödəməkdən boyun qaçırır. Borclu barədə axtarış işi açılmış və xx.xx.2024-cü il saat 18:00 saxlanılmışdır. Qeyd olunanlara əsasən borcunu tələb edir və Şəxs barəsində ağır tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 448/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 52.032,64 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-448/2020 saylı icra sənədi xx.xx.2022-ci il tarixində icra məmuru Elmar Abdullayevin icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədi üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə, habelə icra sənədini icra etmədiyindən müvafiq məsuliyyətə cəlb edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Məhkəmə işi araşdırarkən məlum olmuşdur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-448/2020 saylı qətnaməsi üzrə borclu Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)- 1037/2022 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)- 656/2022 saylı qərardadıına əsasən borclu Şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmış, həmçinin Quba Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(027)-2201/2023 saylı qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(027)-454/2024 saylı qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 29 oktyabr 2024-cü il, saat 18:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 29 oktyabr 2024-cü il, saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar