Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-902/2025 20.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X3 iştirakı ilə, X3 Azərbaycan Respublikasının DİN BDYPİ-nin 30 avqust 2025-ci il tarixli EQ 30296862 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının DİN BDYPİ-nin 30 avqust 2025-ci il tarixli EQ 30296862 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o xx.xx.2025-ci il tarixli, EQ 30296862 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilmiş və bu barədə mənə elektron qaydada protokol və qərar tərtib olunmuşdur. O, qeyd edilən inzibati tənbeh vermə haqqında elektron qərarlarla razı deyil. Hesab edir ki, barəsində qəbul edilmiş qərar qanunsuzdur və heç bir sübut olmadığından və tərəfindən qeyd edilən inzibati xəta törədilmədiyindən ləğv edilməlidir. Belə ki, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən, Bu məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 1200 manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. İstifadəsində olan ** JN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzrə maksimum yük kütləsinin 40000 kq (40 ton) olduğu nəzərdə tutulmuş, əlavə olaraq həmin kütlənin 5 faizinədək əlavə yükün qoyulmasına icazə verilmişdir. Bu isə 800 kq olmaqla, qanunla nəzərdə tutulmuş maksimum kütlənin 40800 kq olduğu müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, yükün avtomobilə yükləndiyi yer üzrə tərəzi qəbzindən görünür ki, yükün ümumi çəkisinin 39890 kq olduğu təsdiqlənmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istədiyi əsas məqamlardan biri qeyd edilən yükün 4 dəfə ölçüldüyü, 3 dəfə kütlənin normal olduğu, 1 dəfə isə guya artıq olduğu qənaətinə gəlinmişdir. Burada diqqət edilməli əsas məqam odur ki, avtomobilə yük yükləndikdən sonra çəkilmiş və çəkisinin 39840 kq olduğu müəyyən edilmişdir. Daha sonra həmin yol üzərində Giləzi kəndi ərazisində yerləşən dövlətə məxsus tərəzidən keçmişəm yükün çəkisi 39840 kq müəyyən olunmuş və heç bir çəki pozuntusunun olmadığı müəyyən edilmiş, daha sonra yol üzrə 2-ci, ümumiyyətdə isə 3-cü tərəzi olan Şabran rayonu Molla Kamallı kəndində yerləşən dövlətə məxsus tərəzidə guya çəkinin 42680 olduğu qeyd edilmişdir. Daha sonra yük Bakı şəhərində boşaldıldığı yer üzrə də çəkilmiş, bu zaman da çəkinin normal olduğu müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, yükün avtomobilə yükləndiyi yer üzrə Quba rayonunda olan tərəzi qəbzində görünür ki, yükün ümumi çəkisinin 39890 kq olduğu təsdiqlənmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istədiyi əsas məqamlardan biri qeyd edilən yükün 4 dəfə ölçüldüyü, 3 dəfə kütlənin normal olduğu, 1 dəfə isə guya artıq olduğu qənaətinə gəlinmişdir. Burada diqqət edilməli əsas məqam odur ki, avtomobilə yük yükləndikdən sonra çəkilmiş və çəkisinin 39840 kq olduğu müəyyən edilmişdir. Daha sonra həmin yol üzərində Giləzi kəndi ərazisində yerləşən dövlətə məxsus tərəzidən keçmiş yükün çəkisi 39840 müəyyən olunmuş və heç bir çəki pozuntusunun olmadığı müəyyən edilmiş, daha sonra yol üzrə 2-ci, ümumiyyətdə isə 3-cü tərəzi olan Şabran rayonu Molla Kamallı kəndində yerləşən dövlətə məxsus tərəzidə guya çəkinin 42680 olduğu qeyd edilmişdir. Daha sonra yük Bakı şəhərində boşaldıldığı yer üzrə də çəkilmiş, bu zaman da çəkinin normal olduğu müəyyən edilmişdir. Göründüyü kimi yükün çəkisinin qanunla nəzərdə tutulandan artıq olmasının iddia olunması və bu əsasla cərimə olunmağım tamamilə qanunsuz və əsassızdır. Belə ki, o, yükü təhvil aldıqdan sonra Bakı şəhərinə yola düşmüş və bu zaman Quba rayonunda yerləşən tərəzi tərəfindən heç bir artıq çəkinin olmadığı müəyyən edilmişdir. Necə olur ki, sonradan digər tərəzi üzrə yükün çox olduğu bildirilir. Bu onu deməyə əsas verir ki, dövlətə məxsus tərəzidə texniki nasazlıq vardır və bu minvalla həmin günü oradan keçən demək olar bütün yük maşınlarını cərimələmişlər. Bütün bunlardan sonra müvafiq olaraq Daxili İşlər Nazirliyi və AYNA-ya müraciət edilmiş və 1 ay ərzində bu qədər cərimənin əsassız olaraq yazılmasının səbəbi ilə bağlı maraqlanılmış, lakin heç bir şey edə bilməyəcəklərini, tərəzidə nasazlıq varsa da bunu dəyişə bilməyəcəkləri və hazırda qərarların qüvvədə olduğu, onlara bildirilmişdir. Göründüyü kimi müvafiq orqanların məsələyə göz ucu yanaşması, heç bir tədbir görməməsi və araşdırmaq istəməməsi nəticəsində qanunsuz olaraq cərimə olunmuşdur. Bütün bu qərarlar barədə məlumatı olmuş və qərarların əldə edilməsi ilə bağlı müraciət edib qərarları almışdır. Necə ola bilər ki, dövlətə məxsus iki tərəzidən biri çəkinin normal, digər biri isə artıq olduğu qənaətinə gəlir. Bu səbəbdən kamera görüntüləri araşdırılmalıdır. Bu səbəbdən hesab edir ki, AYNA və DİN-ə sorğu verilməli və Quba rayonunda yerləşən tərəzinin qeyd edilən tarixə olan məlumatları və kamera görüntüləri çıxarılmaqla araşdırılmalı, ona məxsus avtomobilin qeyd edilən tarixlərdə Quba rayonunda olan tərəzi üzrə kütlənin artıq gəlib-gəlməməsi dəqiqləşdirilməli, artıq gəlmişsə niyə protokol tərtib edilmədiyi, artıq gəlməmişsə sonrakı tərəzi üzrə niyə çəki xətasının baş verdiyi müəyyən edilməlidir. Hazır ki, məlumat verilməsi onunla bağlıdır ki, göründüyü kimi quraşdırılmış elektron tərəzidə nasazlıq olması səbəbindən şəxsin inzibati cərimə edilməsi və bu halların bir biri ilə bağlı olmasıdır. Bu belə göstərir ki, qəbu! edilmiş qərarlar əsassızdır. Məhkəmə iclasında X4 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN BDYPİ-yə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" Müəssisəsinə məxsus **-JN-*** dövlət nömrə nişanlı, “Mercedes Benz 1843 LS” yük markalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən nəqliyyat vasitəsinin maksimal kütləsi 18000 kq, yüksüz kütləsi 6855 kq-dır. Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində mövcud olan tərəzidə **-JN- *** dövlət nömrə nişanlı, “Mercedes Benz 1843 LS” yük markalı nəqliyyat vasitəsinin ümumi çəkisi 30 avqust 2025-ci il, saat 10:14-də 42680 kq olaraq göstərilmişdir. Xızı rayonu, Giləzi kəndi, Bakı istiqamətində mövcud olan tərəzidə **-JN-*** dövlət nömrə nişanlı, “Mercedes Benz 1843 LS” yük markalı nəqliyyat vasitəsinin ümumi çəkisi 30 avqust 2025-ci il, saat 11:21-də 39840 kq olaraq göstərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 09:40-da verilmiş tərəzi qəbzindən müəyyən olunur ki, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində yükün ümumi çəkisi brutto-39890 kq, tara-14500 kq, netto 25390 kq təşkil edir. 30 avqust 2025-ci il tarixli EQ 30296862 saylı qərara əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat cərimə edilmiş, qərar həmin tarixdən qüvvəyə minmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim edilmiş foto görüntülərdən müəyyən olunur ki, **-JN-*** dövlət nömrə nişanlı, “Mercedes Benz 1843 LS” markalı yük maşınında olan yükün çəkisi Şabran rayonu, Mollakamallı kəndi Bakı istiqamətində elektron tərəzidə 42680 kq təşkil etmişdir. X2 xx.xx.2025-ci il tarixli, EQ 30296862 saylı qərarı mübahisələndirərək, qərarın qanunsuz və əsassız olduğunu əsas gətirməklə onun ləğvini tələb edir. AR İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 120-ci maddəsinə görə bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. AR İXM-in 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir AR İXM-in 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. AR İXM-in 127-1.5-ci maddəsinə əsasən saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 52-ci bəndinə görə iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. Həmin Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası” nın 4.1-ci bəndinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini ölçən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin elektron tərəziləri və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələri ilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birgə xüsusi ölçü alətləri, cihazları və tərəzilər vasitəsilə yoxlanılır “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən Qabarit və Çəki Parametrlərinə” əsasən nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır: Dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobilə icazə verilən ümumi kütlə 32 ton, ikioxlu dartıcı üçoxlu yarımqoşqu, üçoxlu dartıcı ikioxlu yarımqoşqu eləcə də üçoxlu dartıcı üçoxlu yarımqoşqu ilə 40 ton nəzərdə tutulmuşdur. Hazırki işin hallarından məlum olduğu kimi AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 30 avqust 2025-ci il tarixli EQ 30296862 saylı qərarına əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın əsasını Şabran rayonu, Mollakamallı kəndində yerləşən xüsusi texniki vasitəelektron tərəzi ilə qeydə alınmış 42680 kq-lıq yük çəkisi təşkil etmişdir. Bu isə normativ 40000 kq həddindən təqribən 6,7% artıq çəkil deməkdir. Azərbaycan Respublikası İXM 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. X1 məhkəməyə "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 09:40 verilmiş tərəzi qəbzini təqdim edərək, həmin qəbzə əsasən yükün çəkisinin 39890 kq olmasını iddia etmişdir. Bundan əlavə Xızı rayonu, Giləzi kəndi, Bakı istiqamətində mövcud olan tərəzidə nəqliyyat vasitəsinin ümumi çəkisinin 39840 kq olaraq qeydə alındığını vurğulamışdır. Lakin məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 30 avqust 2025-ci il tarixdə saat 10:14-də Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində mövcud olan tərəzidə **-JN-*** dövlət nömrə nişanlı, “Mercedes Benz 1843 LS” yük markalı nəqliyyat vasitəsinin ümumi çəkisi 42680 kq olaraq qeydə alınmış, daha sonra həmin tarixdə saat 11:21-də Xızı rayonu, Giləzi kəndində olan tərəzidə göstərici dəyişmişdir. Qeyd edilməlidir ki, AR İXM-in 122.1-ci maddəsinə əsasən, xüsusi texniki vasitələrlə (stasionar tərəzilər, videomüşahidə və s.) əldə olunmuş məlumatlar sübut kimi tanınır və hüquqi qüvvəyə malikdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Yuxarıda sadalanan əsaslara istinadən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən tərtib edilmiş 30 avqust 2025-ci il tarixli EQ 30296862 nömrəli qərarı faktiki əsaslar olmaqla prosessual tələblərə riayət edilməklə qəbul edildiyindən qanuni və əsaslıdır. Odur ki, həmin qərarın ləğv edilməsi barədə X3 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikasının DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə inzibati tənbeh vermə haqqında 30 avqust 2025-ci il tarixli EQ 30296862 nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-902/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-902/2025
20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver