Məhkəmə qərarları › İş №3(027)-913/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-913/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-913/2022 29.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 vəkili X3 iştirakı ilə, X1 Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 10 iyun 2022-ci il tarixli, 01400/1154 saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 06 iyun 2022-ci il tarixli, 01400- 1114/22 saylı protokol və həmin protokol əsasında qəbul edilmiş 10 iyun 2022-ci il tarixli, 01400/1154 nömrəli Azərbaycan Respublikası İXM-nın 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağım barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X6 tərəfindən qəbul edilmiş 10 iyun 2022-ci il tarixli, 01400/1154 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən onun guya xx.xx.2017-ci il tarixli, **********2958 saylı gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 7841,25 ABŞ dolları (13330,12 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyim qeyd edilərək inzibati xətanın bilavasitə obyekti olan 13330,12 manat məbləğində vəsaitin dəyərinin 50 faizi, yəni 6665,06 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə olunmuş 7841,25 ABŞ dolları (13330,12 manat) məbləğində vəsaiti 01400/1154 saylı qərarın qəbul edildiyi xx.xx.2022-ci il tarixdən etibarən 180 gün ərzində müvəkkil olunmuş bank hesabına köçürülməsinin təmin edilməsi qərara alınmışdır. Həmin qərar Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən ona rəsmi qaydada verilməmişdir. O, həmin qərarla xx.xx.2022-ci il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsində tanış olaraq qərarın surətini rəsmi qaydada almışdır. Ona görə də hesab edir ki, qərardan şikayət verməklə bağlı müddəti ötürməmişdir. O, Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən barəsində qəbul edilmiş 10 iyun 2022-ci il tarixli, 01400/1154 nömrəli qərarı ilə razılaşmır. Belə ki, Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən başlanılmış inzibati xəta barədə iş üzrə icraata inzibati xəta haqqında işə baxılan vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığından, o cümlədən qeyd edilən vəsaitlərin geri qaytarılmaması ondan asılı olmayan səbəblərdən baş verdiyindən və onun bu halda təqsiri olmadığından iş üzrə icraata xitam verilməli idi. Belə ki, qeyd edilən qərardan da göründüyü kimi inzibati xətanın yaranma səbəbi kimi xx.xx.2017-ci il tarixli, **********2958 saylı gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac olunmuş yüklərin müqabilində köçürülməli olan 7841,25 ABŞ dolları (13330,12 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi təşkil etmişdir. Gömrük bəyənnaməsinin tarixi xx.xx.2017-ci ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli qərarında qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi;- əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2- ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu haldamallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda da qeyd etdiyi qərarına əsasən hazırki iş üzrə xətanın törədilmə müddəti malların bəyan olunduğu, yəni xx.xx.2017-ci il tarixdən 180 gün hesablandıqda xx.xx.2018-ci il edir ki, həmin gündən bir il müddət xx.xx.2019-cu il tarixdə keçmişdir. Lakin o, hadisənin baş verildiyi istinad edilən tarixdən təxminən 4 il sonra inzibati məsuliyyətə cəlb olunmuşdır. Bu isə iş üzrə icraata xitam vermək üçün əsas idi. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Rusiya Federasiyasında alma göndərmiş, malın dəyəri köçürülməmişdir. Malın dəyərinin ödənilməsinin üzərinə düşməmiş, 7000 ABŞ dollarlıq mal olmuşdur. Hadisə 2017-ci il tarixdə baş vermiş, inzibati tənbeh vermə haqqında qərar 10 iyun 2022-ci il tarixdə tərtib olunmuşdur. Ona görə də göstərdiklərini nəzərə alaraq, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə barəsində çıxarılmış inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Şimal Ərazi Baş Gömrük İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş inzibati tanbeh vermə haqqında 10 iyun 2022-ci il tarixli, MN 01400/1154 saylı qərarından görünür ki, X5 barəsində tərtib edilmiş 2022-ci il 06 iyun tarixli 01400-1114/22 nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxaraq X2 xx.xx.2017-ci il tarixli, **********2958 saylı gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürüləməli olan 7841,25 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən edilmiş, X4 Azərbaycan Respublikası İnzizibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutaraq İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 13330,12 manat məbləğində valyutanın dəyərinin 50 faizi, yəni 6665,06 manat məbləğində cərimə tanbeh növü tətbiq edilmiş, X4 xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi 7841,25 ABŞ dolları məbləğində vəsaiti onun barəsində qəbul olunmuş 01400/1154 saylı qərarın qəbul edildiyi xx.xx.2022-ci il tarixdən etibarən 180 gün ərzində müvəkkil olunmuş bank hesabına köçürülməsini təmin etmişdir. X4 tərəfində 7841,25 ABŞ dolları (13330,12 manat) məbləğində vəsaitin xx.xx.2022-ci il tarixdən etibarən 180 gün ərzində müvəkkil olunmuş bank hesabına köçürülməsinə nəzarəti Şimal Ərazi Baş Gömürk İdarəsi, Gömrük Əməliyyatları İdarəsi, Gömrük Prosedurları və Ödənişləri həvalə edilmişdir. Şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 10 iyun 2022-ci il tarixli, MN 01400/1154 saylı qərarından X4 tərəfindən verilmiş şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi, X5 barəsində 06 iyun 2022-ci il tarixli, 01400- 1114/22 saylı protokol tərtib olunmuş və həmin protokol əsasında 10 iyun 2022-ci il tarixli, 01400/1154 nömrəli qərar qəbul edilmişdir. Qanunvericiliyin tələbinə əsasən həmin qərar qəbul edildiyi gündən ən geci bir il keçənədək, yəni xx.xx.2019-cu il (xx.xx.2017+180 gün =xx.xx.2018) tarixədək inzibati tənbeh verilməli olduğu halda, həmin müddət ötürülmüş bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarına əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbətigün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Həmin qərarda Kontitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın icrimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: -xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitini xaricdən qaytarılmaması. Eyni zamanda qeyd edilməlidir ki, fəaliyyətin subyektindən asılı olmayan səbəblərən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəasitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Beləliklə məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 06 iyun 2022-ci il tarixli, 01400-1114/22 nömrəli protokol və həmin protokol əsasında Şimal Ərazi Gömrük İdarəsinin rəis müavini X6 tərəfindən X4 barəsində qəbul edilmiş inzibati xəta haqqında 10 iyun 2022-ci il tarixli, 01400/1154 nömrəli qərar ləğv edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə X1 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 06 iyun 2022-ci il tarixli 01400-1114/22 nömrəli protokol və həmin protokol əsasında Şimal Ərazi Gömrük İdarəsinin rəis müavini X6 tərəfindən X4 barəsində qəbul edilmiş inzibati xəta haqqında 10 iyun 2022-ci il tarixli, 01400/1154 nömrəli qərar ləğv edilsin və X1 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar