Məhkəmə qərarları › İş №3(027)-918/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-918/2021

04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-918/2021 04.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Quba rayonu, Amsar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, İİ qrup əlil, Quba rayonu, Amsar kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 16.10.2021-ci il tarixdə, saat 17 radələrində Quba rayonu Amsar kəndində, evinin zirzəmisində divara asılmış gödəkçəsinə keçirilən baxış zaman 1 ədəd gümüşü rəngli kağızda çəkisi 0,840 qram, 1 ədəd ağ kağız bükülüdə 0,381 qram narkotik vasitə marixuana aşkar olunmuşdur. Həmin faktla bağlı Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Gülmalıyev Məhəmməd Sahib oğlu tərəfindən araşdırma aparılmış, 21 oktyabr 2021-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. Fakt üzrə Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 04 noyabr 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib edən şəxs X2 bildirdi ki, 16.10.2021-ci il tarixdə, saat 17 radələrində Quba rayonu Amsar kəndində, evinin zirzəmisində divara asılmış gödəkçəsinə keçirilən baxış zaman 1 ədəd gümüşü rəngli kağızda çəkisi 0,840 qram, 1 ədəd ağ kağız bükülüdə 0,381 qram narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, özü İİ qrup əlildir, Əfqanistanda xidmətdə olub, ağrıları ilə əlaqədar narkotik vasitədən istifadə edib. Hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. İş materialında olan məhkəmə-bioloji ekspertizasının 17 oktyabr 2021-ci ıl tarixli, 7/1062 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs Vəliyulla oğlunun ...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi – 0,381 qram; bir ədəd gümüşü rəngli kağız bükümün içərisində 01 sellofan bükümdə təmiz çəkisi – 0,840 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş-marixuanadır. İş materiallarında olan 21 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilməsi və Şəxs gödəkçəsindən götürülmüş 1 ədəd zərfdə olan 1,221 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Quba RPŞ-nin Təchizat xidmətinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmə protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, 21 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və 04 noyabr 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolla sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi, həmçinin İİ qrup əlil olmasını nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən törətdiyi inzibati xətanın xarakterini, İİ qrup əlil olmasını və işin digər hallarını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan Şəxs üzərindən aşkar edilərək götürülmüş, Quba rayon Polis şöbəsinin Təchizat Xidmətinə təhvil verilmiş ümumi çəkisi 1,221 qram narkotik vasitə olan marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-33, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan Şəxs üzərindən aşkar edilərək götürülmüş, Quba rayon Polis şöbəsinin Təchizat xidmətinə təhvil verilmiş ümumi çəkisi 1,221 qram narkotik vasitə olan marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar